Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia edirlər.
Müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta, təhdid də edilir:
“Müəllimləri valideynlərin yanında təhqir edir. Bizə “dərs dilənçiləri”, “hinduşkabaş” deyir”.
İddialara görə, direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar.
Müəllimlər bildiriblər ki, üzləşdikləri problemlərlə bağlı müxtəlif dövlət qurumlarına müraciət ediblər.
Məsələ ilə bağlı direktor bildirib ki, əməliyyat olunduğu üçün hazırda işləmir. Əlavə edib ki, məktəb məcburi köçkünlərin və aztəminatlı ailələrin məskunlaşdığı ərazidə yerləşdiyi üçün rüşvətdən söhbət gedə bilməz:
“Ora Zəngilan rayonundan məcburi köçkünlərin və aztəminatlı ailələrin yaşadığı yerdir. Sizcə orada rüşvətdən necə söz gedə bilər?”
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirildi ki, müraciətlə bağlı araşdırma aparılır.
“Bakı şəhəri 301 nömrəli tam orta məktəbin bir qrup müəllimi tərəfindən məktəbin direktorunun davranışı barəsində ünvanlanmış müraciətlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.
Təhsil müəssisələrində səmərəli tədris mühitinin və peşəkar işgüzar münasibətlərin qorunması prioritet məsələlərdəndir”, - deyə məlumatda qeyd olunub.
Daha ətraflı: “Xezerxeber.az”ın videomaterialında: