Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof Rusiya tərəfindən işğal edilmiş Ukrayna ərazilərinin gələcək statusunu şərh edib. O, həmin torpaqları “bu münaqişədə ən böyük problem” adlandırıb.
"Hesab edirəm ki, bu münaqişədə ən böyük problem Krım və dörd regiondur. Bunlar Donbas, Luqansk və digər iki regionlardır. Onlar rusdillidirlər, insanların böyük əksəriyyətinin Rusiyanın rəhbərliyi altında olmaq arzusunu ifadə etdiyi referendumları da olub. Düşünürəm ki, bu, münaqişənin əsas məsələsidir", - deyə o, Taker Karlsonla müsahibəsində bildirib.
Trampın xüsusi nümayəndəsi əlavə edib ki, haqqında söz açdığı problem həll edilməli olan prioritet məsələdir. Onun sözlərinə görə, bu həmişə problem olub, amma heç kim bu barədə danışmaq istəmir.
"Bu, otaqda olan bir filə bənzəyir. Otaqdakı fil Ukraynanın konstitusiya məsələsidir. Ruslar bu ərazilərə faktiki nəzarət edirlər. Sual olunur ki, dünya bu ərazilərin Rusiya əraziləri olduğunu tanıyacaqmı? Zelenski bunu tanısa, siyasi baxımdan sağ qalacaqmı? Münaqişədə əsas məsələ budur", - deyə o bildirib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural