Azərbaycan Yaxın Şərqdə söz sahibinə çevrilir- Tural İrfan yazır
Siyasət
14 Apr 2025 09:34
Suriya ilə Azərbaycan arasında münasibətlərin, əlaqələrin inkişafı önəmlidir. Dövlət rəhbərlərinin görüşü, fikir mübadiləsi aparması hər iki dövlətin və xalqlarımızın gələcəyi naminə böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Türkiyə Cümhuriyyətinin Antalya şəhərində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub. Bu görüşü və qarşılıqlı yüksək münasibəti Azərbaycanın özünə daha bir dost qazanması, bu yoldakı növbəti uğuru kimi qiymətləndirsək yanılmarıq. Sabiq Əsəd rejimi uzun illər Suriyanı Azərbaycana qarşı demək olar ki, düşmən duruma gətirmişdi. Erməni terror təşkilatlarına ev sahibliyi edir, beynəlxalq aləmdə Qarabağ həqiqətlərinin əksinə təbliğ olunaraq işğalçının müdafiə olunmasına dəstək verirdi. Səfirliyimiz belə orada fəaliyyətini dayandırmışdı. Ancaq mənfur rejimin süqutu nəticəsində Suriyada hakimiyyətə gələn xalq dəstəkli hazırki keçid hakimiyyətinin Türkiyə və Azərbaycana olan müsbət münasibəti və yaxınlığı həm Azərbaycanın bir təhlükədən də xilas olduğunu həm də dost ölkələr arasına birinin də əlavə olduğunu göstərir. Şübhəsiz ki, həm Türkiyənin həm də Azərbaycanın yürütdüyü xarici siyasətin nəticəsidir ki, ölkələrimiz həm bölgədə həm də dünyada günü-gündən qüdrətlənir, aparıcı söz sahibinə çevrilir.
Görüşdə Prezident İlham Əliyev Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar məmnunluğunu bildirərək, bununla bağlı Əhməd Əl Şaraanı təbrik edib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Əl Şaraanı keçid dövrünün Prezidentinin vəzifəsinin icrasına başladığı zaman məktubla da təbrik etmişdi.
Dövlətimizin başçısı qeyd edib ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.
Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd edib.
Əhməd Əl Şaraa Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini də qeyd edib.
Suriyada sabitliyin bərpası üçün əlindən gələni etdiyini deyən Əhməd Əl Şaraa bununla belə xarici amillərin bu məsələyə təsirindən narahatlığını vurğulayıb.
Görüşdə, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunulub.
Söhbət zamanı ölkələrimiz arasında yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Dövlətimizin başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət edib.
Dəvət minnətdarlıqla qəbul olunub.
Nəticə etibarilə əminliklə deyə bilərik ki, Azərbaycan - Suriya - Türkiyə üçtərəfli əməkdaşlıq formatının reallaşması ölkələrimizin hərtərəfli inkişafı və təhlükəsizliyi mövzusunda əvəzsiz rol oynayacaq. Suriya ilə Azərbaycanı tarixən bir çox tellər bağlayır. Mədəni, iqtisadi, gələcəkdə turizm sahələrində də əlaqələrin reallaşması mümkündür. Əminəm ki, Suriya Prezidentinin Azərbaycana səfəri çərçivəsində bu və digər sahələrdə ölkələrimiz arasında daha yaxın münasibətlərin inkişafı naminə önəmli işlərin təməli qoyulacaqdır.