Rusiya və Ukrayna arasında atəşkəs sazişi layihəsinə bütün kritik infrastruktur obyektlərinə zərbələrin endirilməsinə qadağa da daxildir. Bu barədə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkof "Fox News" telekanalına müsahibəsində bildirib.
Siyasətçi vurğulayıb ki, məhdudiyyətlər təkcə enerji obyektlərinə deyil, planlaşdırılan 30 günlük atəşkəs çərçivəsində digər infrastrukturlara da aiddir.
"Bu, təkcə enerji sahəsinə aid deyil, bütövlükdə infrastruktura aiddir", - diplomat qeyd edib.
Xatırladaq ki, martın 18-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında təxminən iki saat çəkən telefon danışığı olub. Danışıqlardan sonra hər iki tərəf dialoqdan məmnun ayrılıb.
İki lider arasında əvvəlki danışıq fevralın 12-də olub. Bundan əvvəl isə Rusiya və ABŞ dövlət başçıları üç il ərzində ünsiyyət qurmayıblar. Liderlər arasında fevral razılaşmalarının ardından Səudiyyə Ərəbistanında yüksək səviyyəli Rusiya-Amerika danışıqları aparılıb. Orada həm ikitərəfli münasibətlərin bərpası, həm də Rusiya-Ukrayna münaqişəsinin həlli müzakirə edilib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural