Tramp Nobel Sülh Mükafatına layiqdir - Komitə sədri

Tramp Nobel Sülh Mükafatına layiqdir - Komitə sədri
17:04

ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi dünya mediasında geniş müzakirə olunur. O, hakimiyyətinin altı ayında 6 beynəlxalq münaqişəni dayandırdığını açıqlayıb. Trampın tərəfdarları, ona yaxın siyasətçilər buna görə ABŞ liderinin Nobel Sülh Mükafatına layiq olduğunu düşünürlər.

Qeyd edək ki, Tramp Hindistan və Pakistan, Kamboca və Tailand arasında toqquşmada vasitəçilik edib, həmçinin ötən həftə Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qonaq edərək iki ölkə arasında Birgə Bəyannamənin imzalanmasına nail olub.

ABŞ lideri hazırda Rusiya və Ukrayna arasında müharibədə vasitəçilik etmək istəyir, bunun üçün avqustun 15-də Rusiya Prezidenti Putinlə görüşmək niyyətindədir.

Vaşinqtonda keçirilən görüşdə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistan Baş naziri Nikol Paşinyan Trampın Nobel Sülh Mükafatına layiq olduğunu və bunun üçün müraciət ediləcəyini bildiriblər.

Mövzu ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a açıqlamasında qeyd edib ki, Vaşinqtonda baş tutmuş görüş zamanı Prezident İlham Əliyev bu məsələ ilə bağlı qəti və aydın mövqe sərgiləyərək, bütün dünyaya fikrini çatdırdı:

“Cənab Prezident vurğuladı ki, Trampın Nobel mükafatına namizəd göstərilməsi reallığa və obyektiv həqiqətlərə əsaslanır. İmzalanmış saziş, təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region üçün tarixi əhəmiyyət daşıyır. Bu sənəd bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına, uzun illər davam edən münaqişənin diplomatik yollarla həllinə imkan yaradıb”.

S.Seyidov onu da əlavə edib ki, dünya liderləri arasında sülh naminə bu qədər qısa müddətdə bir neçə münaqişənin həllinə yönəlmiş addımların atılması və uzun illər davam edən danışıqlar proseslərinin faktiki olaraq yekun mərhələyə çatdırılması istiqamətində Donald Tramp qədər fəal və nəticəyönümlü səylər göstərən ikinci bir lider olmayıb.

“Məhz bu səbəbdən onun Nobel Sülh Mükafatına layiq görülməsi, obyektiv reallığı və mövcud faktları əks etdirən tamamilə təbii bir qərar olardı”, - deyə deputat bildirib.


Sizin reklam burada
Sizin reklam burada