Bu gün tələbələrin yerdəyişməsi (transferi) prosesinə start verilib. Prosesin başlaması ilə bağlı ən çox verilən suallardan biri də qaçqınlıq statusu olan və ya digər əsaslarla ödənişsiz (pulsuz) oxuyan tələbələrin ixtisas və ya universitet dəyişərkən bu statusu qoruyub-saxlaya bilməyəcəyidir.
Məsələyə aydınlıq gətirən təhsil eksperti Cahid İmanov News365.az-a bildirib ki, bu barədə vahid bir qayda yoxdur və qərar dövlət və ya özəl ali təhsil müəssisələrinə, eləcə də universitetlərin daxili nizamnaməsinə görə dəyişə bilir:
"Əgər tələbənin qaçqınlıq statusu varsa və o, eyni universitet daxilində ixtisasını dəyişirsə, böyük ehtimalla pulsuz təhsil statusunu saxlaya bilir. Lakin burada ən əsas məsələ tələbənin transfer olunmaq istədiyi universitetdə və ixtisasda dövlət sifarişli yerlərin mövcudluğudur. Məsələn, ola bilsin ki, Bakı Dövlət Universitetinin (BDU) regionşünaslıq ixtisasında ümumiyyətlə dövlət sifarişli (pulsuz) yer nəzərdə tutulmayıb və ya həmin ixtisas üzrə ayrılmış kvota artıq dolub. Belə olan halda, hətta əvvəl pulsuz oxuyan və ya xüsusi statusu olan tələbə bura transfer olunarsa, ona yalnız ödənişli yer təklif edilə bilər".
Ekspert qeyd edib ki, yerdəyişmə edən tələbələrin statusunun saxlanması birbaşa keçid etdikləri ixtisasın plan yerlərindən və qəbul şərtlərindən asılıdır.