Tarixdə qalacaq qadın...- Tural İrfan yazır

Tarixdə qalacaq qadın...- Tural İrfan yazır
09:52
Maduro həbs olunanda arvadı Sillo Flares onu tərk etməyib, tək buraxmayıb. Əslində onu həbs etmək, aparmaq istəməyiblər, o özü bunu istəyib. Artıq onun bu hərəkəti qəhrəmanlıq və ülvi məhəbbət rəmzi kimi xarakterizə edilərək təqdir olunur. Həqiqətən mütəəssiredici haldır...
Siyasət etibarsız, soyuqqanlı, qəddardır; məhəbbət isə sədaqətli, ülvi, zərif, həssas...
Tarixçilər subyektiv olsa da tarix obyektivdir. Həllac Mansuru, Nəsimini soyanların adlarını bilən yoxdur. Aşıq Musanın sazını sındırıb, Seyid Əzimi məscidin qapısında sıxıb öldürən mollaların, Mirzə Cəlili söyənlərin adları qalmayıb, silinib gedib. Amma bu simaları tarix səhvləri ilə, düzləri ilə yaşadıb, nimdaş səhifələrində saxlayıb.
Əri narkobaron, diktator olmuş olsa da belə Sillo Flares də tarixdə bu məziyyəti ilə qalacaq. Amma onun qoluna qandal vuranlar tarixdə qalmayacaq.
Qadınlar kişilərdən daha sadiq, daha etibarlı daha müdrikdirlər. Bir çox xüsusiyyətlərinə görə əslində kişi qadından yox, qadın kişidən üstündür. Tarix boyu qadına düz qiymət verilməyib.
Qadın ona görə peyğəmbər olmayıb ki, onun məqamı daha ucadır. Ona ağır məsuliyyəti qıymayıb. Allah qadını mələk məqamından insan səviyyəsinə endirməyib. Qadın mələklə müqayisə olunub həmişə. Şairlər də qadını tərənnüm edəndə mələyə bənzədiblər...
Bütün məhəbbət dastanlarının səbəbkarı, əsas obrazı qadındır.
Qadın ekstremal vəziyyətdə, ən kritik məqamda emossiyasız, təmkinli müdrik qərar qəbul edə bilir. Ona görə tarixdə bir çox şahları, sultanları de-fakto xanımları idarə edib. Buna aid yüzlərlə misal çəkmək olar.
Radikal vəhhabizmin qəhrəman hesab etdiyi Üsamə bin Ladenin yeri müəyyən olunub silahlılar yatağında ona atəş açanda arvadını özünə sipər etmişdi. Ancaq qadın bunu etməzdi.
Maduronun xanımı siyasət tufanlarının namərd burulğanında belə qadın sadiqliyini nəinki qoruyub, hətta bütün dünyaya nümayiş etdirib. Ona görə tarixdə qalacaq...
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada