Prezident İlham Əliyev: “Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir”
Fevralın 26-da Xocalı Soyqırımı Memorialının
açılışı bir daha sübut edir ki, şəhidlərin xatirəsi daim uca tutulacaq, onların
əziz ruhu xalqın qəlbində yaşayacaqdır. Bu memorial gələcək nəsillərə həm tarix
dərsi, həm də vətənpərvərlik nümunəsi olacaqdır. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Xocalı Soyqırımı Memorial Kompleksinin açılış
mərasimində etdiyi çıxışında Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında
əbədi qalacağını və bu cinayətin heç vaxt unudulmayacağını vurğulamışdır.
Prezident qeyd etmişdir ki, iki il əvvəl onun iştirakı ilə təməli qoyulan
Memorial Kompleksi bu gün xalqın iradəsinin, tarixi ədalətə sadiqliyinin və
şəhidlərin xatirəsinə ehtiramının rəmzidir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə
baş verən Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə
düşmüşdür. Prezident çıxışında bildirmişdir ki, bu hadisə Ermənistan dövləti və
erməni silahlı birləşmələri tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı planlı
şəkildə həyata keçirilmiş qanlı cinayətdir. Rəsmi məlumatlara görə, bir gecənin
içində 600-dən çox günahsız insan xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
Onlardan 106-sı qadın, 63-ü uşaq idi. 150 nəfər itkin düşmüş, sonradan işğaldan
azad edilmiş ərazilərdə bəzilərinin qalıqları aşkar edilərək torpağa tapşırılmışdır.
Bu faktlar faciənin miqyasını və amansızlığını açıq şəkildə göstərir.
Prezident İlham Əliyev çıxışında vurğulamışdır
ki, Xocalı Soyqırımı Memorial Kompleksi yalnız memarlıq abidəsi deyil, həm də
milli yaddaşın təcəssümüdür. Bu kompleks şəhidlərin əziz xatirəsinin
əbədiləşdirilməsi, gələcək nəsillərə həqiqətlərin çatdırılması və tarixi
ədalətin bərpası istiqamətində mühüm addımdır. Memorial, həmçinin dünyaya
mesajdır ki, Azərbaycan xalqı başına gətirilən müsibətləri unutmur və
unutdurmayacaq. Dövlət başçısı qeyd etmişdir ki, Xocalı qurbanlarının qanı
yerdə qalmayıb və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə tarixi ədaləti
təmin etmişdir.
Son illər
ərzində Azərbaycan dövləti Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması
üçün geniş diplomatik və informasiya işi aparmışdır. Bir sıra ölkələrin
parlamentləri və beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırımı və ya
insanlığa qarşı cinayət kimi tanımışdır. Bu istiqamətdə həyata keçirilən
tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin prioritet
istiqamətlərindən biridir. Prezident çıxışında xüsusi olaraq vurğulamışdır ki,
Xocalı faciəsi Azərbaycan xalqının milli birliyini daha da möhkəmləndirmişdir.
Bu faciə həm kədər, həm də qürur mənbəyidir – kədər ona görə ki, yüzlərlə günahsız
insan həyatını itirib; qürur isə ona görə ki, Azərbaycan xalqı əyilmədi,
mübarizəsini davam etdirdi və nəticədə öz torpaqlarını işğaldan azad etdi.
Azərbaycan
xalqının XX əsrdə üzləşdiyi ən ağır faciələrdən biri olan Xocalı soyqırımının
dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət
dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu mübarizədə
xüsusi rol oynayan qurumlardan biri də Heydər Əliyev Fondu olmuşdur. Fond
yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” adlı genişmiqyaslı beynəlxalq
kampaniyaya start vermiş və bu təşəbbüs qısa müddətdə qlobal informasiya və
hüquqi mübarizə platformasına çevrilmişdir. “Xocalıya ədalət!” beynəlxalq
maarifləndirmə kampaniyası Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən
irəli sürülmüş və həyata keçirilmişdir. Kampaniyanın əsas məqsədi Xocalı
soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq, hadisəyə
siyasi-hüquqi qiymətin verilməsinə nail olmaq və bu faciənin dünya tarixində
insanlığa qarşı törədilmiş cinayət kimi tanınmasını təmin etmək idi. Bu
təşəbbüs yalnız informasiya yayımı ilə məhdudlaşmamış, həm də geniş diplomatik,
ictimai və akademik müstəvidə fəaliyyət göstərmişdir.
Son 20 il ərzində “Xocalıya ədalət!”
kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində çoxsaylı tədbirlər
keçirilmişdir. Bunlara konfranslar, simpoziumlar, sərgilər, təqdimatlar, anım
mərasimləri və ictimai aksiyalar daxildir. Eyni zamanda müxtəlif dillərdə
kitablar, broşürlər, bukletlər və analitik materiallar nəşr edilərək geniş
auditoriyaya təqdim olunmuşdur. Bu fəaliyyət nəticəsində Xocalı soyqırımı ilə
bağlı məlumatlar yalnız Azərbaycan diasporu arasında deyil, beynəlxalq
ekspertlər, hüquqşünaslar, tarixçilər və siyasətçilər arasında da müzakirə
mövzusuna çevrilmişdir. Kampaniya sosial media və rəqəmsal platformalar
vasitəsilə də geniş yayılmış, xüsusilə gənc nəsil arasında maarifləndirmə işi
aparılmışdır.
Xocalı
faciəsindən sonra uzun illər ərzində hadisələrin mahiyyətinin təhrif edilməsi
cəhdləri olmuşdur. Ermənistan tərəfi və onu dəstəkləyən dairələr bu qanlı
hadisəni ört-basdır etməyə, hətta məsuliyyəti Azərbaycanın üzərinə yönəltməyə
çalışmışlar. Belə bir şəraitdə “Xocalıya ədalət!” kampaniyası həqiqətlərin
müdafiəsi baxımından mühüm rol oynamışdır. Əgər Azərbaycan dövləti,
qeyri-hökumət təşkilatları və xüsusilə Heydər Əliyev Fondu sistemli şəkildə
fəaliyyət göstərməsəydi, Xocalı ilə bağlı obyektiv məlumatların beynəlxalq
informasiya məkanında yer alması çətin olardı. Məhz ardıcıl və prinsipial mövqe
nəticəsində dünya ictimaiyyətində bu faciə barədə daha dolğun təsəvvür
formalaşmışdır. Aparılan məqsədyönlü fəaliyyət nəticəsində artıq 20-yə yaxın
ölkə Xocalı soyqırımını soyqırımı və ya insanlığa qarşı cinayət kimi
tanımışdır. Bu, uzunmüddətli diplomatik və ictimai səylərin real nəticəsidir.
Tanınma prosesi davam edir və hər yeni qərar Xocalı qurbanlarının xatirəsinə
verilən hüquqi-siyasi qiymət kimi dəyərləndirilir. Bu istiqamətdə beynəlxalq
təşkilatlarda qəbul edilən qətnamələr, müxtəlif ölkələrin parlamentlərində keçirilən
dinləmələr və rəsmi bəyanatlar mühüm əhəmiyyət daşıyır. Bütün bunlar onu
göstərir ki, informasiya və hüquqi mübarizə uzunmüddətli strategiya tələb etsə
də, ardıcıl səylər nəticə verir.
“Xocalıya ədalət!” kampaniyası yalnız
beynəlxalq auditoriyaya yönəlmiş təşəbbüs deyil, eyni zamanda milli yaddaşın
qorunması və gələcək nəsillərin tarixi həqiqətlər əsasında tərbiyə olunması
baxımından da böyük əhəmiyyət daşıyır. Bu fəaliyyət Azərbaycan cəmiyyətində
həmrəylik və birlik hissini gücləndirmiş, vətənpərvərlik ruhunu daha da
möhkəmləndirmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu
kampaniya sübut edir ki, informasiya müharibəsində qələbə yalnız həqiqətə,
ardıcıllığa və prinsipial mövqeyə söykənərək mümkündür. Xocalı soyqırımının beynəlxalq
səviyyədə tanınması istiqamətində görülən işlər Azərbaycan dövlətinin və
xalqının ədalətə sadiqliyinin təzahürüdür.
Xocalı
faciəsi Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Lakin eyni
zamanda bu tarix xalqın iradəsini, mübarizə əzmini və ədalətə inamını göstərən
bir simvoldur. Prezident İlham Əliyevin memorialın açılışındakı çıxışı da məhz
bu mesajı – yaddaş, ədalət və milli qürur mesajını özündə ehtiva edir.
Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar fənlər və
regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru,
dosent