Hörmətli professora bir neçə vacib XATIRLATMA- Tural İrfan yazır

Hörmətli professora bir neçə vacib XATIRLATMA- Tural İrfan yazır
09:10
Professor Sevinc Əliyevanın nəzərinə çatdırım ki, əvvəla "türk intonasiyası" yox, "türk dilinin intonasiyası". Çünki türk intonasiyası demək, dil mövzusunda konkretlik ifadə etmir və bu ifadə dilə yox, birbaşa millətə aid kimi səslənir. Türk millətinin də müxtəlif soyları, qolları var. O cümlədən Azərbaycan türkləri də bu qollardan birinə məxsusdur. Dilin kökü və mayası da bu qollardan birinin istifadə etdiyi dildən qaynaqlanıb, (xanım prefessorun təbiri ilə desək:) "türk intonasiyası" əsasında hazırda işlənir. Heç olmasa desəydi ki, "Türkiyə türkcəsi intonasiyası" yaxud "Anadolu türkcəsinin intonasiyası" yenə dərd yarı idi. Burada heç "dil" sözü işlətmir. Konkret dilin yox, millətin intonasiyasından danışır ki, bu da professorun nitqində professional anlaşılmazlıq yaradır.
Deyir ki, "mı, mi" ədatı"türk intonasiyası"na aid olduğu üçün efirdə işlənməməlidir. İndi tutaq ki, kimsə Azərbaycanın böyük Xalq şairi Səməd Vurğunun cavanlıq şeirlərindən olan bu sevgi şeirini efirdən səsləndirə bilməz?
Çəkdiyim ağrılar bir yana dursun,
İnsafı, mürvəti sən ATMADINMI?
Mən sana yar desəm dilim qurusun,
Yarı, məhəbbəti sən SATMADINMI?
Qırdın qanadımı, qırdın qolumu,
İtirdim Kəbəmi, itirdim yolumu,
Tərlan xəyalımı, laçın konlumu,
Aldadıb - aldadıb OYNATMADINMI?
Vurğunun ahları ucaldı göyə,
Duymadın bu sirri, duymadın niyə?
Dünyada bir şöhrət, bir altun deyə,
Şahmarın qoynunda sən YATMADINMI?
Yaxud Bəhmən Vətənoğludan:
DEMƏDİMMİ aldanma o vəfasıza,
Eşqini daşlara çaldı, GÖRDÜNMÜ?
Təbiət verdiyi o gözəlliyi,
Qaytarıb əlindən aldı, GÖRDÜNMÜ?
xanım professorun dediyinə görə bu şeirlərdəki sual xarakterli "mı-mi" məhz "türk intonasiyası" təsiri bağışladığına görə tərk edilib ləhcə avazı ilə yazılmalı idi?
"Bu sözlər efir məkanına ayaq açmamalıdırlar yox," "Ayaq açmamalıdır." Efirdə səlis danışıq dərsi verən adamın özünün qeyri - səlis danışması valideynin siqaret çəkə-çəkə uşağa siqaretin ziyanlarından bəhs etməsinə bənzəyir.
"Səlis danışmalısınız və sadə danışmalısız" yox, "səlis və sadə danışmalısınız".
Deyir, Azərbaycan dilində "yanına almaq" sözü yoxdur, yalnız dəvət etmək var. Uşağı atın tərkinə almaq nədir bəs?
Ümumiyyətlə əgər müzakirə dilimizin xüsusilə efir məkanında qorunmasından gedirsə axşama kimi pozğun teleseriallarda işlənən jarqon küçə sözlərinin dili korladığından niyə bəhs olunmur? Tutaq ki, Türkiyədə təhsil almış bir alim çıxışında yaxud müsahibəsində Anadolu türkcəsində üç kəlmə söz işlədibsə bunu əldə bayraq edib türkəfobiya nostaljisi aşılamaqdansa dilimizi daha çox korlayan ingilis, rus, və küçə sözlərinin efirdən çıxarılması haqda danışmaq daha obyektiv və qərəzsiz olmazdımı?
Tural İrfan, yazar, AYB-nin üzvü

Sizin reklam burada
Sizin reklam burada