Orucun zahiri tərəfinə diqqət edənlər...- Tural İrfan yazır

Orucun zahiri tərəfinə diqqət edənlər...- Tural İrfan yazır
09:35
Ruhlar maddi qida ilə qidalanmırlar. İnanca görə insan fiziki bədən və ruhdan ibarətdir. Ruh bədənə deyil, bədən ruha əziyyət verə bilir. İnsanın bədəni üçün mütəmadi olaraq qidalanması, bəzən də normadan artıq qida qəbul etməsi ruhun rövnəqlənməsinə mane olan və onu sıxan amillərdəndir. Ramazanda insan oruc tutmaqla bir növü varlığının cismani hissəsinin qidalanmasına yox, daha çox ruhunun qidalanmasına önəm verir. Yaxşı əməlləri, ibadətləri, ilahi rabitəni artırmaqla, mənəviyyatını saflaşdırmaqla ruhunu qidalandırmış, bəsləmiş olur. İslamın İsmaili məzhəbinin təliminə görə insan mədəsi ilə yanaşı, beyni və qəlbi ilə də oruc tutmalıdır. Nəinki pislik etməli, heç bu barədə düşünməməlidir də. Əgər pis planlar qursa, mənfi düşünsə, könül sındırsa onun orucu artıq batil olmuşdur. İbadiyyə məzhəbinin fiqhinə görə qeybət etmək, yalan danışmaq, böhtan atmaq kimi əməllər də orucu pozur...
Oruc tutmaq eyni zamanda sosial bərabərlik üçündür. Varlılar, həmişə tox olanlar, sözlə aclığın nə olduğunu daha dərin anlaya bilməz, yalnız özləri də ac qalmaqla bu hissi yaşayaraq dərindən dərk edə bilərlər.
İmam Həsən Əskəri əleyhissəlam buyurmuşdur: "Allah orucu ona görə vacib etdi ki, varlı acın halını hiss etsin və yoxsula qarşı rəhmli olsun".
Oruc olmaq eyni zamanda dərin düşünməkdir. Çünki maddi mədənin istirahəti zamanı qəlb, beyin və ruh daha fəal olur ki, duyğularla təfəkkür müştərək halda ruha rövnəq verirlər. Beləcə insan su kimi durulur, güzgü kimi şəffaflaşır.
İmam Həsən əleyhissəalam vurğulayırdı ki, ibadət yalnız çoxlu oruc tutmaq və namaz qılmaq deyil; əsl ibadət Allahın yaratdıqları və onun böyüklüyü barədə dərindən düşünməkdir.
Allah və onun yaratdıqları barədə düşünmək imanın və elmin artmasına səbəb olur. İnsanı maddi aləmdən ayırıb dünyaya nə üçün gəldiyini dərk etdirir. Oruc insanı düşündürərək heyvani xislət və hisslərdən qoparır, mənəvi mələkut aləminə qərq edir. Heyvana xas qidalanmadan məhrum edib mələklərə xas nurlanmağa sövq edir. Təbiri caizsə, orucluqda insan cismən arıqlayıb zəifləsə də ruhən kökəlir, güclənir.... Çünki bu ayda onun bədəni yox, ruhu qidalanır.
Bu mənada İmam Həsən əleyhissəlam insanların fiziki qidalarına diqqət yetirib, mənəvi qidalarını (fikirlərini və ruhlarını) zərərli düşüncələrdən qorumamalarına təəccübləndiyini bildirirdi.
Təbii ki, adamlar oruc tuturlar deyə əsasən gün ərzində sahura, iftara nə yeyəcəkləri, harada iftara əyləşəcəkləri haqda düşünür, alış - veriş edirlər. Bu, normal və təbiidir. Amma fikirlərini, qəlblərini, ruhlarını hansı qidalarla bəsləyəcəklərini də düşünürlərmi?
Əgər gün ərzində qeybət etməmisənsə, yalan danışmamısansa, böhtan atmamısansa dilini oruc saxlamısan. Ürəyində kin, nifrət, həsəd, paxıllıq kimi xəbis hissləri bəsləməmisənsə qəlbini oruc saxlamısan. Mənfur planlar, şər işlər barədə düşünməmisənsə beynini oruc saxlamısan. Təbii ki, yemək, içmək kimi şeylərdən də çəkinmisənsə qarnını oruc saxlamısan. Əgər bu qeyd olunanlar kamil şəkildə həyata keçirilmirsə demək mahiyyəti üzrə oruc tutmamısan.
Ənənəyə uyğun oruc tutanlardan sayılıb sadəcə bədənin sağlamlığı üçün pəhrizə riayət etmisən.
Nəyə görə insanların çoxu namaz qılıb oruc tutsalar da müsbət yöndə heç dəyişmirlər. Çünki yuxarıda qeyd etdiyim əsl mahiyyətə riayət etmirlər. Orucun zahiri tərəfinə diqqət edib batini mahiyyətini tərk edirlər.
Namazı və orucu qəbul olan adam, namazdan, orucdan sonra dəyişən, dəyişdiyi açıq görülən adamdır.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada