Suriyanın qurtuluşu məzhəbçilikdən imtinadadır- Tural İrfan yazır

Suriyanın qurtuluşu məzhəbçilikdən imtinadadır- Tural İrfan yazır
09:23
İnanıram ki, Suriyada Əsəd rejimi tərəfindən mövcud olan dini ayrıseçkilik, məzhəb ixtilafı, radikalizm, ekstremizm kimi mənfi hallar indiki hakimiyyət tərəfindən aradan qaldırılacaqdır.
Çünki bu mənfi halların ölkəmizə də müəyyən mənada mənfi təsirləri olurdu. Suriyada vaxtilə iranyönlü tədris müəssisələrində təhsil(?) alıb gəlmiş müəyyən şəxslər o ölkədə gördükləri dini mühiti ölkəmizə daşımaq istəyirdilər.
Lakin hazırda Azərbaycan İlahiyyat İnstitutu kimi sağlam, dünyanın bir çox ali dini təhsil ocaqlarından müsbət mənada fərqlənən təhsil ocağı fəaliyyət göstərir.
Suriya İslam dini ilə yanaşı digər səmavi, qeyri - səmavi bir çox din mənsubunun yaşadığı və diqqət mərkəzində olan ölkədir. Suriyada xristian dininin müxtəlif təriqətlərinə, İslam dininin fərqli məzhəblərinə etiqad edən kifayət qədər insan var. Həmçinin digər müstəqil din mənsubları var.
Suriya dövləti Azərbaycandakı dini tolerantlıqdan nümunə götürə bilər. Eyni zamanda dini təhsil sistemini yenidən qurarkən ölkəmizdəki dini təhsil sistemini öyrənib əsas ala bilər.
Suriyada dini təhsil məzhəblər üzrə fərqlənirdi. Hər məzhəbin özünün dini təhsil müəssisəsi vardı və burada təhsil verilən tələbələr digər məzhəbə qarşı radikal fikirdə yetişdirilirdi. Bunun canlı şahidi kimi deyə bilərəm ki, Suriyanın bu günə düşməsində həmin "təhsil sistemi"nin (əslində sistemsizlik!) böyük mənfi rolu var.
Təkcə bir məntəqədə, Seyyidə Zeynəb qəsəbəsində 5 hövzə fəaliyyət göstərirdi ki, hərəsi bir ölkədən olan müctəhidin himayəsində idi və çox zaman da bir - birinə zidd mövqe tutub rəqabət aparırdılar.
"Zeynəbiyyə" hövzəsi əsasən Britaniyaya bağlı olan ayətullah Sadiq Şirazinin məktəbi idi ki, qatı və barışmaz məzhəbçilik ideyalarını əsas götürürdü. İranın təsis edib himayə etdiyi "Xomeyni adına hövzə" də qatı və barışmaz məzhəbçilik ideologiyası əsasında eyni zamanda İranın siyasi sistemi olan "vilayəti fəqih" üsulunu təbliğ edirdi. Şirazinin hövzəsi ilə daima mübarizə aparıdı. "İmam Əli adına hövzə" İraqda yaşayan ayətullah Seyid Həkimin himayə etdiyi hövzə idi ki, əsasən Səddam rejimindən qaçan iraqlılar təhsil alırdı və nisbətən mühafizıkarlıqdan uzaq idi, amma xurafatdan, köhnə təəssübkeşlik ənənələrindən qurtula bilmirdi. "Mürtəza" dini hövzəsi isə Livanda yaşayan Seyid Məhəmmədhüseyn Fəzlullaha bağlı idi və vəhdətlə, müasirliklə bağlı fərqli və müəyyən qədər də mötədil fikirlər üstündə təhsil verirdi. Lakin siyasi üslub da təhsilə daxil edilərək dini təhsili siyasiləşdirirdilər. Bunlar eyni məzhəb mənsubu sayılsalar da tam bir-birinə zidd məfkurədə tələbələr yetişdirirdilər. Hətta bəzən bir-birinin müctəhidini təhqir, təkfir edirdi tələbələr.
Eyni zamanda Dəməşqdəki din ocaqlarında da sonrakı dağıdıcı addımların özəyini təşkil edən vəhhabi yönlü daha radikal fikirli adamlar yetişirdi. Sanki bu məzhəblər bir - birinə qarşı ordu hazırlayırdılar və yarışa girmişdilər. Sonrakı nəticə də hamıya məlumdur...
Dəməşqdə isə "Əbu Nur" adlanan, əsasən sufi yönlü təhsil verən mədrəsə tipli institut fəaliyyət göstərirdi. Eyni zamanda Misir mənşəli "Fəthul İslam" adlı digər sələfi yönlü mə'həd də bacardığı qədər mühafizəkar dini təhsil verirdi. Yerli din alimi və xadimlərinin isə əsasən kiçik mədrəsələr səviyyəsində, müəyyən qədər də Dəməşq Dövlət Universitetinin şəriət fakultəsində səsi çıxırdı. Mərhum müfti Goftarudan sonra Doktor Ramazan Buti ənənəvi İslamdan danışır, kitablar yazırdı, lakin rəsmi dini lider olsa da dini proseslərə o qədər təsiri yox idi.
Hər halda Suriyanın dini təhsil sistemini Əsəd rejimi ilə İran bərbad duruma salmışdı. Digər tərəfdən də ərəb ölkələrindən maliyyələşən vəhhabi, xəvaric təmayüllü qruplar gizli və açıq öz təbliğatlarını aparırdılar. Nəticədə dinlər və məzhəblər arasında uçurum dərinləşirdi.
Ancaq olanlar geridə qalsa da gərək indiki Suriya hakimiyyəti dini təhsil məsələsinə xüsusi diqqət göstərsin. Dəməşq tarixən dini təhsil mərkəzlərindən olub. BƏƏS rejimi Nuseyri - ğulat ideoloji xətti əsasında ənənəvi dini təhsil və tədris üsulunu ləğv etmişdi. İndi gərək bərpa edilərkən Azərbaycandakı dini təhsil üsulunu götürsün. Elə bir ali təhsil ocağı fəaliyyət göstərsin ki, orada xristian - katolik də, provaslav da, druz da, nuseyri də, süryani də, sünni və şiə də tolerantlıq şəraitində təhsil ala bilsin.
Bu həm Suriya xalqı üçün vacibdir, həm də bir çox əlamətdar dini məkanların olmasından dolayı o ölkəyə yön çevirən digər ölkələrdən olan inanclı insanlar üçün zəruridir.
Heç bir dini, məzhəbi fərq qoymadan təhsil vermək lazımdır. Məzhəbüstü təhsil sisteminə keçməlidir müsəlman ölkələri dini təhsildə.
Dini təhsil ocağı bir məzhəbə, bir dinə görə deyil, ümumi dinə və dinlərə görə müəyyən olunmalıdır. Bir məzhəb üstündə qurulan təhsil sistemini İslam tədrisi saymaq olmaz. O tədris həmin məzhəbin tədrisidir, İslamın yox. Ona görə də obyektiv, qərəzsiz, tərəfsiz şəkildə, dinlərin ortaq dəyərlərini ehtiva edən əsaslar üzərindən dünyəvi elmlərin də tədris edildiyi normal bir dini təhsil sistemi qurmaq lazımdır.
Tural İrfan, MCP sədrinin müavini, politoloq

Sizin reklam burada
Sizin reklam burada