Suriyada son günlər baş verən hadisələr
Bəşər Əsədin devrilməsinə səbəb olub. Eks-prezidentin özü ölkəni tərk edib.
Müxalifətsə əsas şəhərləri, o cümlədən paytaxt Dəməşqi nəzarətə götürüb.
Məlum olduğu kimi noyabrın 27-də səhər
saatlarında Suriyada döyüşlər başlayıb. “Həyat Təhrir əş-Şam” terror təşkilatı
Suriyanın şimalında hökumət hərbi qüvvələrinə qarşı hücum həyata keçirib və ölkənin
cənubunda hücuma keçdiyini elan edib.
Hücuma müxalif Suriya Milli Ordusu da
qoşulub. Müxalifət hücumun rəsmi Dəməşqin artilleriya atəşinə cavab olduğunu
bildirib.
Hücumun ilk 10 saatı ərzində hökumət əleyhinə
olan qüvvələr bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb, bazaları silah və
hərbi texnika ilə ələ keçirib. Bəşər Əsədin hərbçiləri ilə döyüşlərdə onlar
şimal-qərbdə İdlib vilayətində Serrakib bölgəsini ələ keçiriblər.
Noyabrın 29-da müxalifət qrupları ölkənin
cənubunda hərbi əməliyyatlara başlayıb. Bundan əlavə, həmin gün Hələbə
yaxınlaşan üsyançılar şəhərə hücuma keçiblər.
Hələb, Həma və Homsun tutulması
Suriya Ərəb Ordusu ilə Hələb müxalifləri
arasında toqquşmalar noyabrın 29-da başlayıb. Ertəsi gün hökumət əleyhdarı qüvvələr
şəhərin böyük hissəsinə nəzarət edirdi. İtki verən Suriya ordusu dekabrın 1-də
Hələbi tərk edib. Şəhər tamamilə HTŞ və SNA-nın nəzarəti altında idi.
Hələbin alınmasından sonra müxalifət
Həma şəhərinin ələ keçirilməsi üçün aktiv fəaliyyətə başlayıb. Artıq dekabrın
5-də hökumət əleyhinə qüvvələr şəhərə daxil olub, bundan sonra Suriya ordusunun
bölmələri oranı tərk edib.
Daha sonra müxalifət qoşunları ən
böyük və strateji əhəmiyyətli nöqtə olan Homs şəhərinə doğru irəlilədilər.
Dekabrın 6-da qüvvələr Homs şəhərinin kənarına yaxınlaşıb və orada onlarla
Suriya ordusu arasında döyüşlər başlayıb. Dekabrın 8-i səhər üsyançılar şəhəri
tamamilə ələ keçirdiklərini elan etdilər.
Dəməşqin süqutu
Homsun ələ keçirilməsi Dəməşqin
Latakiya və Tartus əyalətləri ilə əlaqəsini kəsdi. Yaxınlıqdakı şəhərləri işğal
etdikdən sonra üsyançılar dekabrın 7-də Suriya paytaxtından 20 km aralıda
olublar. Müxalifət Dəməşqin mühasirəyə alındığını elan edib.
Döyüşlərin nəticəsi Dəməşqin süqutu
oldu. Dekabrın 8-nə keçən gecə suriyalı üsyançılar Suriya paytaxtına daxil
olub. İctimai Radio və Televiziyanın binasını zəbt ediblər. Daha sonra İran səfirliyi
və Əsədin sarayı talan edilib.
Kürdlərin Suriyadakı hadisələrdə iştirakı
Noyabrın sonunda başlayan döyüşlərə
ölkənin şərqində nüvəsini Rojava əyalətindən olan kürd qoşunları təşkil edən
Suriya Demokratik Qüvvələri də qoşulub. Qüvvələr ABŞ tərəfindən ciddi şəkildə dəstəklənir.
2015-ci ildən kürdlərin nəzarətində olan ərazilərdə 9 baza yaradılıb.
SDF Suriyanın şərqində və şimal-şərqində
yerləşən Deyr əz-Zor, Raqqa və Həsəkə əyalətlərinin əksəriyyətinə nəzarət
edirdi. 6 dekabr 2024-cü ildə Qüvvələr Deyr əz-Zor əyalətinin qərb hissəsinin,
o cümlədən eyni adlı şəhərin və İraqla həmsərhəd ərazilərin ələ keçirildiyini
bildirdi.
Bununla da onlar şimaldakı Mənbic şəhərinə
nəzarəti itiriblər. Suriya müxalifəti ilə kürd qüvvələri arasında ölkənin
şimalında bir neçə gün davam edən döyüşlərdən sonra şəhər dekabrın 9-da SNA-nın
əlinə keçib.
Əsəd Suriyanı tərk etdi
Dəməşqin süqutu 2000-ci ildən
Suriyaya rəhbərlik edən Bəşər Əsədin hakimiyyətinin sonu oldu. Döyüşlər zamanı
dünya mətbuatının yazdığına görə, bir sıra ölkələr prezidentə ölkəni tərk etməyi
təklif etsə də, o, hər cür imtina edib.
Dekabrın 8-də Dəməşqin ələ keçirilməsindən
sonra Əsədin Suriyanı tərk etdiyinə dair xəbərlər yayıldı. Həmin gün axşam
saatlarında TASS agentliyi Kremldəki mənbələrə istinadən Əsəd və ailəsinin
Moskvada olduğunu bildirib. Ona siyasi sığınacaq verildiyi qeyd edilir. Rusiya
Xarici İşlər Nazirliyi əlavə edib ki, Əsəd dövlət başçısı postunu tərk etmək qərarına
gəlib və “hakimiyyətin sülh yolu ilə ötürülməsinə” göstəriş verib.
Bəşər Əsəd
hakimiyyəti təhvil verib?
Bəşər Əsəd
devrilməyib, bir növ hakimiyyəti təhvil verib. Bu fikri sübut edən digər bir
fakt isə ondan ibarətdir ki, “Təhrir əş-Şam”ın hakimiyyəti ələ keçirməsinə həm
rəsmi Moskva, həm də rəsmi Tehran çox loyal yanaşıb. İranın Xarici İşlər
Nazirliyi Suriyada baş verənlərlə bağlı bəyanat yayıb. Rəsmi bəyanatda İranın
Suriyanın bölünməzliyi, milli suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə
edilir:
"Bu məqsədə nail olunması üçün hərbi münaqişəyə son qoyulması, terror fəaliyyətinin
qarşısının alınması və inklüziv idarəetmə strukturunun formalaşdırılması üçün
Suriya cəmiyyətinin bütün üzvlərinin iştirakı ilə dialoqa başlamaq
vacibdir".
Nazirliyin bəyanatında İranın BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsi
də daxil olmaqla, Suriyada siyasi proseslərin icrasına yönələn bütün mexanizmlərin
dəstəkləndiyi xüsusi qeyd edilir.
Qərbdən ilk
həmlə
Bütün
bunların müqabilində İsrail əsgərləri 1973-cü ildə müharibənin bitməsindən və
1974-cü ildə atəşkəsdən sonra Suriya ərazisinə ilk dəfə açıq şəkildə daxil
olublar. Nəticədə hərbçilər Suriya ilə sərhəddəki Qolan Təpələri bufer
zonasından irəliyə gediblər. İsrail qüvvələri sərhədin Suriya tərəfindəki
Hermon dağını, eləcə də “bölgəyə nəzarəti sabitləşdirmək üçün vacib hesab edilən
bir sıra digər əraziləri” ələ keçiriblər.
Bu da o deməkdir ki, “Təhrir əş-Şam”ın iqtidara gəlməsi Rusiya və İranın
maraqlarına uyğundur. Amma Qərb bundan o qədər də məmnun deyil. Qərbin Yaxın Şərqdəki
əsas tərəfdaşı olan İsrailin gözlənilmədən Suriya ərazisinə soxulması da bunun
sübutudur.
Bu isə deməkdir
ki, Suriyada yeni dövr başlayır. Amma bu dövr suriyalılara heç də dinclik və
sülh vəd eləmir. Sadəcə münaqişə tərəflərinin adı dəyişib. Mahiyyətsə dəyişməyib.
Qərb Suriyanın maddi-mənəvi və Əsəd sülaləsinin yarım trilyon sərrvətini ələ
keçirmək üçün hələ çox qan tökəcək.
News365.az