"Təyyarə havada olarkən tüstü gözə dəymirdi"- Hərbi ekspert

"Təyyarə havada olarkən tüstü gözə dəymirdi"- Hərbi ekspert
26 Dek 2024 15:50
"AZAL-a məxsus təyyarənin qəzaya uğraması, yoxsa quş dəstəsinə, Ukrayna PUA-na tuş gəlməsi və ya rusların hava hücumundan müdafiə sistemi (HHM) tərəfindən vurulması cəmiyyət tərəfindən ciddi müzakirə edilir. Bəri başda deyim, bəziləri konkret boşboğazlıqla məşğuldur."

Hərbi ekspert Səxavət Məmməd bu fikirləri News365.az-a bildirib.

Hər kəs düz bildiyini yazır, amma hərənin düzü özünə, biz reallıqlara baxaq. Əvvəla, bu tip hadisələrdə bütün versiyalar yoxlanılır. “Qara qutu” isə son sözü deyir. Ən çox iddia olunan məsələ HHM sistemi tərəfindən vurulmasıdır. Hansı HHM sistemi olub bu? HHM sistemi ilə az mülki təyyarə vurulmayıb. Hamısının aqibəti də məlumdur. O necə HHM olub ki, mülki təyyarəni vurub, ancaq təyyarə bir saat havada var-gəl edib, Mahaçqalaya enmək istəyib, alınmayıb, sonda yanacağı boşaldıb Aktauya enməyə qərar verib? Hər kəs videolar üzərindən analiz verir. Təyyarənin enmə videosuna bir neçə dəfə baxdım, təyyarə havada olarkən tüstü gözə dəymirdi. Hesab edək ki, Rusiya HHM səhv edib təyyarəni vurub. Belə olsaydı, Rusiya bunun üçün rəsmən üzr istəyib, rahatlıqla məsələni bağlaya bilərdi. Bu cür hallar ilk deyil, son da olmayacaq. Hətta bilərəkdən vurulma anlarında belə rəsmi üzr və təzminatla məsələ öz həllini tapır. Misal üçün rus helikopterinin Naxçıvan istiqamətində, Rusiya qırıcısının Türkiyə tərəfindən vurulması, İranın Ukrayna təyyarəsini bilmədən vurması və s… Bu cür halları say-say bitməz. Rusiya ilə Azərbaycan münasibətlərini nəzərə alsaq, hətta Azərbaycan Prezidentinin MDB sammiti üçün getdiyini göz önünə gətirsək, Rusiya tərəfinin belə səhvini etiraf etməsindən nə çəkindirə bilər sualı HHM versiyasını ağlabatan etmir. Demirəm, mümkün deyil, sadəcə, versiyanın özü də böyük sual işarəsidir. PUA məsələsi də maraqlı versiyadır. PUA-nın mülki təyyarəni vurma ehtimalı real deyil. Normalda Ukrayna tərəfi kamikadze dronlarla hücum edir. Hədəfləri isə havada yox, yerdəki obyektlər olur. PUA-nın zərərsizləşdirilməsi nəticəsində PUA-nın, yaxud onu vurmaq üçün atılan raketin qalıqlarının təyyarəyə çırpılmaq ehtimalı ola bilər? Mümkün variantdır. “Pantsir-S1/SM” özüyeriyən zenit raket kompleksidir. Bu kompleksin hədəf aşkarlama sistemi aşağı sürətli kiçik ölçülü PUA-ları aşkar etmək üçün dəyişdirilib. PUA-nı vurmaq üçün atılan raket təyyarəyə zərər verə bilər? Bilər. O zaman daha bir sual çıxır: mülki təyyarə istiqamətinə doğru niyə atəş açılıb? Yeri gəlmişkən, bu sistemlərdən atılan mərmilər dəyərək yox, havada partlayır və qəlpələrlə zərər verir. Təyyarə ilə PUA toqquşması mümkündür? Mümkün variantdır. Hətta toqquşmadan sonra PUA-nın təyyarədən kənarda partlaması da mümkündür. Kamikadze PUA təyyarəyə çırpıldığı an partlayarsa, təyyarə də havada partlayardı. Təyyarədən kənarda partlayarsa, zərər verə bilərdi. Bəziləri deyir ki, təyyarəni pilot suya endirsə, daha yaxşı olardı. İnsan özü suya kəllə vuranda belə səhv edirsə, mütləq şəkildə “yanır”. Suya düzgün şəkildə baş vura bilməyən insanlar görmüşəm ki, ağrıdan və boğulmaqdan güc-bəla ilə xilas etmişik. Bir anlıq düşünün, dənizə təyyarə düşür. Onun dəyməsi bir problem, sudakı insanların hipotermiyadan ölməsi isə başqa bir problem olardı. Qış fəslində olduğumuzu nəzərə alsaq, təyyarə suya ensəydi, zərbədən sağ qalanlar da hipotermiyadan öləcəkdi. Quş versiyasını heç kim qəbul etmədiyi üçün bu versiyaya da bir “quş” qoyub, keçim brifinqə. Brifinq olacağını dedikdə, oturub gözlərimi ekrana zillədim ki, nə isə maraqlı bir şey eşidəcəyəm. Məlum oldu ki, 3 qurumun mətbuat xidmətinin bildiyindən daha çox informasiyam var. Bütün dünyanın gözü o brifinqdə idi. Azərbaycan mediasını yola verə bilərsiniz, buna bir sözüm yoxdur. Çünki yola veriləsi mediadır. Lakin dünyanın bütün media qurumları ən azı onlayn şəkildə sizi izləyir ki, bir şey deyəsiniz. Deməyiniz bir yana, ümumiyyətlə, o nə idi hələ də anlamış deyiləm. Brifinq keçirən şəxslər mətbuatdan o qədər uzaqdırlar ki, ya zəlzələdən, ya da vəlvələdən nə edəcəklərini bilmirdilər. Bəhanələri olacaq ki, ağır hadisə baş verib, ona görə dilxor idilər. Belə brifinq keçirməkdənsə, keçirməmək daha yaxşı olardı. Dəyişən heç nə yoxdur. Bildiyimiz Azərbaycan cəmiyyəti bölünüb iki yerə: bir qismi Rusiyanı günahkar çıxarmaq istəyir, digər bir qismi də Ukraynanı. Yazıq ölənin halına… Ölənlərə rəhmət, sağ qalanlara isə can sağlığı arzu edirəm.

Youtube kanalımız