Türkiyə Cümhuriyyəti Dövlətinin Xarici İşlər naziri Hakan Fidanın Suriya lideri Əhməd əş Şara ilə mətbuat konfransında sualları cavablayarkən təkcə strateji, siyasi, hərbi sahədə deyil, kənd təsərüfatı və iqtisadiyyat sahəsində də ortaq planlar üzərindən işlər görüləcəyinin mesajı verildi. Eyni zamanda region ölkələri başda olmaqla beynəlxalq aləmin Suriyanın yenidən qurulmasına qatqısının vacib olduğu vurğulandı. Cənab Fidanın əş Şaranın barəsində arada "rəis" ifadəsini
işlətməsi, sonuncunun bir neçə gün əvvəl prezidentliyə namizədliyini irəli sürəcəyini xatırlatması və digər reallıqlar onun Suriyanın prezidenti olacağını qətiləşdirir.
Bəziləri əş Şaranın mücahid obrazını mütəmadi olaraq xatırlatmaqla onu geriçi molla zənn edirdi. Şübhəsiz ki, xalqını qanlı canilərdən xilas etmək üçün silaha sarılan bir cəngavər səngərdə kostyum - qalstuk geyməyəcəkdi və siyasi partiya qurmaqla məşğul olmayacaqdı. Ancaq Türkiyənin kontrolunda olan adam hazırda savaş libasını dəyişib, müharibə ləqəbini kənara qoyub sivil dünyaya qoşulmaq, sivil ölkə qurmaq istəyir.
Şübhəsiz ki, öz xalqının milli, mədəni, dini ənənələrini də yaşatmalıdır. Dünyəvi dövlət qurmaq o saat dinindən, imanından, milli dəyərlərdən imtina edib "qərb dəyərləri" adı altında sırınan bütün dəyərsizlikləri qucaqlamaq demək deyil.
Əş Şara İslam dəyərlərini müasirliklə qovuşmuş şəkildə yaşatmağın tərəfdarı kimi əsl lider olacaq. Suriya bir çox ərəb ölkələrindən fərqlənir. Çünki suriyalılar etnik baxımdan birmənalı olaraq ərəb deyillər. Süryani, arami, ərəb, kürd, türkmən, rus, erməni, druz, nusayri, ələvi, sünni, şiə, sələfi və digər toplumlardan oluşan Suriya xalqı üçün xarakterik olan dövlət quruluşu dünyəvi, demokratik idarəetmə üsuludur ki, bunun da bərqərar olması Türkiyənin sayəsində mümkün olacaq. Roma mədəniyyətindən tutmuş Osmanlı ənənələrinə qədər dövrlər keçmiş, dinlərin, peyğəmbərlərin, böyük şərq filosoflarının, alimlərin vətəni kimi bu ölkə çoxmillətli və çoxdinli, mədəniyyətlərin çulğalaşdığı coğrafiyadadır.
Suriyalılar başqa ərəblərə nisbətən daha mədəni, zirək və millətçilik təəssübündən uzaqdırlar. Ortaq ümumislam dəyərlərini, ümmətçilik məfkurəsini diqqətdə saxlayan bu xalqın Türkiyəyə xüsusi rəğbəti var.
Keçmiş Osmanlı sərhədləri daxilində yetişib formalaşmış xalqı Fransa işğalı və istismarı, 60 illik BƏƏS-çi Əsədlər rejimi, son illərdəki İran istilası, Türkiyəyə mühacirəti çox yormuşdu.
Türkiyənin Osmanlı mirasına sahib çıxması labüddür. Quruculuq işləri ilə paralel mümkün qədər Suriyada tezliklə dövlət strukturları, ordu qurulmalı, hakimiyyət və idarəetmə üsulları müəyyən edilməlidir. Çünki hazırki keçid dövrünü fürsət bilən İsrail artıq Suriyanın əhəmiyyətli hissəsini nəzarətə almaqdadır ki, əgər bu prosses dayanmazsa məsələyə Türkiyə qarşımalı olacaq. Çünki Suriyanın hazırda torpaqlarını, sərhədlərini qorumaq iqtidarında olan nə ordusu, nə də gücü var. Üstəlik ABŞ - nin dəstək verdiyi PKK, YPG kimi qruplarla bağlı problemlər də qalmaqdadır.
Əgər İsrailin Suriya torpaqlarına müdaxiləsinin qarşısı alınsa və ABŞ - nin PKK kimi dağıdıcı qrupların əli ilə sabitliyin pozulmasına yardımı dayansa, bütün dünyadan suriyalı mühacirlər dönəcək, yeni hökumətin rəhbərliyi ilə normal bir dövlət qurulacaq.
Tural Irfan, MCP-nin sədr müavini