Suriya Prezident Administrasiyası ölkədə YPG/SDQ terror qruplaşması ilə davam edən toqquşmalarla bağlı açıqlama yayıb.
News365.az xəbər verir ki, açıqlamada hökumət ilə YPG/SDQ arasında Həsəkə vilayətinin gələcəyinə dair bir sıra məsələlər üzrə razılığın əldə olunduğu bildirilib.
Məlumata görə, razılaşma yeddi maddədən ibarətdir. Sənədə əsasən, bölgələrin faktiki inteqrasiyası ilə bağlı ətraflı planın hazırlanması və məsləhətləşmələrin yekunlaşdırılması üçün SDQ-yə dörd gün müddət verilib və bu dövrdə atəşkəs qüvvədə olacaq.
Razılaşma əldə olunacağı təqdirdə, Suriya ordusu Həsəkə vilayətinin və Qamışlı şəhərinin mərkəzinə daxil olmayacaq, hərbi bölmələr şəhərlərin ətrafında yerləşdiriləcək. Həsəkə vilayətinin və Qamışlının dinc yolla inteqrasiyası ilə bağlı vaxt cədvəli və detallara daha sonra baxılacağı qeyd olunub.
Açıqlamada həmçinin bildirilir ki, Suriya hərbi qüvvələri kürd kəndlərinə daxil olmayacaq.
Bu kəndlərdə yerli əhalidən formalaşan yerli təhlükəsizlik qüvvələri istisna olmaqla, silahlı birləşmələrin mövcudluğuna yol verilməyəcək.