"Mən sülh sazişinin belə tələskənliklə imzalanmasını gözləmirəm, çünki mətn razılaşdırılsa da, orada yer almayan, razılığa gələn tərəf tərəfindən xoş niyyət əlaməti olaraq mətndən çıxarılan və sonradan nəzərə alınmalı olan bir neçə məsələ var. Bunlardan biri Konstitusiyada dəyişiklik, digəri isə nəqliyyat yolunun açılmasıdır."
Milli Məclisin deputatı Erkin Qədirli bu sözləri News365.az-a açıqlamasında deyib.
"Konstitusiyada dəyişiklik və nəqliyyat yolunun açılması tələbinin razılaşdırılmış mətndə olmaması, Azərbaycanın bu şərtləri unutduğu və ya onlara əməl olunmadan sülh sazişini imzalamağa hazır olduğu anlamına gəlmir. Çünki əvvəllər də dəfələrlə qeyd etdiyim kimi, Konstitusiyadakı həmin preambula bölməsi, “millət” ifadəsinin yer aldığı hissə açıq şəkildə Azərbaycana qarşı ərazi iddiasını ehtiva edir. Bu, sadəcə bir neçə söz olsa da, bütöv bir cümlə olmasa da, o ifadə çıxarılmadığı təqdirdə Azərbaycan, Ermənistanın həqiqətən sülh istədiyinə inanmayacaq.
Təəssüf ki, Konstitusiya Məhkəməsinin son qərarından sonra preambulanı ayrıca dəyişmək artıq mümkün deyil. Azərbaycanın tələbi isə yalnız Konstitusiya ilə bağlı deyil. Bizim Ermənistan Konstitusiyası ilə işimiz yoxdur, bizə vacib olan odur ki, həmin ifadələr oradan çıxarılsın."