Üzeyir Hacıbəyov istedadı necə kəşf edirdi? - Maraqlı faktlar

Üzeyir Hacıbəyov istedadı necə kəşf edirdi? - Maraqlı faktlar
11:50

Sentyabrın 18-i Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix həm də Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun doğum günüdür.

Təhsil eksperti Etibar Əliyev Milli Musiqi Günü və Üzeyir Hacıbəyovun 141-ci ildönümü ilə bağlı paylaşım edib.

News365.az xəbər verir ki, ekspert paylaşımında dahi bəstəkarın həyatından maraqlı məqamları diqqətə çatdırıb.

Etibar Əliyev əvvəlcə filosof və şair İosif Brodskinin dahiliklə bağlı fikirlərini xatırladıb:

“Dahilik şəxsi uğur sayıla bilməz. Anadangəlmə keyfiyyətdir. Digər tərəfdən dahilik fenomenini izah etmək də çox çətindir. Səbəb verginin verilmə dərəcəsinin müxtəlifliyindədir”.

Ekspert qeyd edib ki, Üzeyir Hacıbəyov bəstəkar olmaqla yanaşı, musiqişünas, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi Azərbaycan mədəniyyətində mühüm iz qoyub.

Paylaşımda Üzeyir Hacıbəyovun “Elm və bilik dağlarında donmuş qalan tərəqqi qarı yavaş-yavaş əriyir...” sözləri də yer alıb.

Üzeyir Hacıbəyov istedadı necə aşkar edirdi?

Etibar Əliyev böyük bəstəkar və pedaqoq Cövdət Hacıyevin Üzeyir Hacıbəyovla ilk görüşü barədə xatirələrini də bölüşüb.

Cövdət Hacıyevin xatirəsinə görə, o, 1926-cı ildə valideynlərinin təşəbbüsü ilə musiqi məktəbinə aparılıb. Məktəbin direktoru Üzeyir Hacıbəyov özü qapını açaraq onları qarşılayıb və uşağın hansı musiqi alətində ifa etmək istədiyini soruşub.

Cövdət Hacıyev həmin an özünü itirdikdə Üzeyir bəy onun skripka çalacağını deyib. Daha sonra isə ona gələcəkdə bəstəkar ola biləcəyini söyləyib və bunun üçün çox çalışmaq, zəhmət çəkmək lazım olduğunu vurğulayıb.

Üzeyir Hacıbəyov daha sonra professor S. Bretanskini çağıraraq Cövdət Hacıyevi ona təqdim edib və “gələcəyin bəstəkarı” adlandırıb.

Üzeyir bəyin faytonçuya bağışladığı ayaqqabı

Etibar Əliyev yazıçı Mirzə İbrahimovun Üzeyir Hacıbəyovla bağlı qələmə aldığı başqa bir xatirəni də təqdim edib.

Xatirəyə əsasən, Üzeyir Hacıbəyov 1913-cü ildə Peterburqda olarkən Bakından gələn həyat yoldaşı Məleykəni qarşılamaq üçün dəmiryol vağzalına gedib. Həmin gün hava olduqca soyuq olub. Gənc həyat yoldaşını piyada və ya konka ilə aparmaq istəməyən Üzeyir bəy faytona minmək qərarına gəlib. Lakin onun faytona verməyə pulu olmayıb.

Bundan sonra faytonçulardan birinə yaxınlaşan Üzeyir bəy ayaqqabılarını göstərərək onları ona təklif edib. Faytonçu razılaşıb və Məleykə xanımla birlikdə faytona əyləşiblər.

Hadisənin Üzeyir Hacıbəyovun maddi çətinlik yaşadığı bir dövrə təsadüf etdiyi bildirilir. Onun Bakıdakı “Nicat” xeyriyyə cəmiyyətindən gözlədiyi qonorar həmin vaxt hələ gəlib çatmayıbmış.

Etibar Əliyev sonda belə həyat hekayələrinin gənclərə çatdırılmasının vacibliyini vurğulayıb:

“Bütün dahilərin həyatı gənclərə öyrədilməlidir. Bu cür mətnlər dərsliklərə salınmalıdır. Örnək, örnək, yenə də örnək...”

Ekspert Üzeyir Hacıbəyovun yetişdirdiyi və onun məktəbinin davamçıları olan görkəmli musiqiçilərin də adlarını çəkib. Onların arasında Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov və Şəfiqə Axundova da var.


Sizin reklam burada
Sizin reklam burada