ABŞ Yaxın Şərqdə hərbi balans baxımından diqqət çəkən yeni addım atıb. Vaşinqton Səudiyyə Ərəbistanına dünyanın ən müasir döyüş təyyarələrindən hesab olunan F-35-lərin satışına yaşıl işıq yandırıb.
News365.az “Le Monde”ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Ər-Riyada 48 ədəd F-35A qırıcısının satılmasına dair 24,3 milyard dollar dəyərində mümkün müqaviləni təsdiqləyib. Razılaşmaya təyyarələrlə yanaşı 49 mühərrik, rabitə avadanlıqları, ehtiyat hissələri, proqram təminatı, təlim və digər texniki dəstək vasitələri də daxildir.
Lakin satış hələ yekunlaşmayıb. ABŞ qanunvericiliyinə əsasən, Dövlət Departamenti bununla bağlı Konqresi məlumatlandırıb və müqavilə qanunvericilərin nəzərdən keçirməsindən sonra qüvvəyə minə bilər. Təyyarələrin Səudiyyə Ərəbistanına çatdırılmasının isə bir neçə il çəkəcəyi gözlənilir.
Vaşinqton satışın Səudiyyə Ərəbistanının müdafiə imkanlarını gücləndirəcəyini, ABŞ qüvvələri ilə qarşılıqlı fəaliyyətini artıracağını və ölkənin mövcud və gələcək təhdidlərə qarşı çəkindirmə imkanlarını genişləndirəcəyini bildirir. Dövlət Departamenti həmçinin mümkün satışın regiondakı hərbi balansı dəyişdirməyəcəyini qeyd edib.
Razılaşma ABŞ daxilində də müzakirələrə səbəb olub. Xüsusilə F-35-in qabaqcıl texnologiyalarının üçüncü ölkələrin, o cümlədən Çinin əlinə keçə biləcəyi ilə bağlı narahatlıqlar səsləndirilir. Buna görə də satışın Konqresdəki müzakirəsi diqqət mərkəzində olacaq.
Səudiyyə Ərəbistanı isə qərarı müsbət qarşılayıb. Ər-Riyad uzun müddətdir F-35 qırıcılarını əldə etməyə çalışırdı. Hazırda İsrail Yaxın Şərqdə bu təyyarələrdən istifadə edən yeganə ölkədir və onların Səudiyyə Ərəbistanına satılması ilə bağlı İsrail tərəfdən narahatlıqlar ifadə olunub.
News365.az