Avtomobil bazarında gözlənilməz gəlişmə: İdxal kəskin azaldı – Qiymətlər necə olacaq?

Avtomobil bazarında gözlənilməz gəlişmə: İdxal kəskin azaldı – Qiymətlər necə olacaq?
10:10

Cari ilin ilk 6 ayında Azərbaycanın Gürcüstandan idxal etdiyi minik avtomobillərinin sayında və ümumi dəyərində ciddi azalma qeydə alınıb.

News365.az xəbər verir ki, yanvar-iyun aylarında ölkəmizə Gürcüstandan 82,8 milyon dollar dəyərində cəmi 2 456 ədəd minik avtomobili gətirilib. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 128,6 milyon dollar dəyərində 4 421 avtomobil təşkil edirdi.

Beləliklə, Gürcüstandan avtomobil idxalı ötən illə müqayisədə say baxımından 1,8 dəfə, məbləğ baxımından isə 35,6 faiz azalıb. İdxalın azalması fonunda Azərbaycan Gürcüstanın ümumi avtomobil ixracında 6,34 faizlik payla 5-ci pilləyə geriləyib. İlk dördlükdə isə Qazaxıstan, Qırğızıstan, İran və Tacikistan qərarlaşıb.

İdxalın azalması qiymətlərə necə təsir edəcək?

İdxal göstəricilərinin bu dərəcədə aşağı düşməsi "İkinci əl avtomobil bazarında bahalaşma olacaqımı?" sualını gündəmə gətirib.

Məsələ ilə bağlı açıqlama verən avtomobil eksperti Eldəniz Cəfərov bildirib ki, hazırkı mərhələdə köhnə avtomobillərin qiymətində kəskin artım gözlənilmir:

"Hazırda daxili avtomobil bazarında sabitlik hökm sürür. İkinci əl nəqliyyat vasitələrinin qiymətində nəzərəçarpacaq dəyişiklik yoxdur. Alqı-satqı prosesi adət olunmuş templə davam edir, təklif və tələbat balanslıdır. Ən azı payız mövsümünə qədər qiymətlərin mövcud səviyyədə qalacağı proqnozlaşdırılır."

Qiymətlər hansı halda dəyişə bilər?

Ekspertin sözlərinə görə, qiymətlərə yalnız kənar iqtisadi amillər – idxal rüsumlarında və ya qaydalarında dəyişikliklər, yeni qərarlar və məzənnə dalğalanmaları təsir göstərə bilər.

Mövcud şəraitdə isə Gürcüstandan gətirilən maşınların azalmasına baxmayaraq, daxili bazardakı avtomobil ehtiyatı tələbatı tam ödəyir və qiymət artımı üçün hər hansı zəmin yaratmır.


Sizin reklam burada
Sizin reklam burada