Xalq qəhrəmanı Koroğlu döyüşdə qarşı tərəfin əlində tüfəngi görüb dedi ki;
"Daha, qılıncı yerə qoymağın zamanı gəldi". Yəni, qolgücünə döyüş bitdi.
O zaman ki, klaviaturanı tanıdıq, qələmə xəyanət etdik. Ağ kağızlara yazılmamış qara ləkə düşdü. Elə ki, süni
intellekt yarandı nə jurnalistika, nə də jurnalistin kim olduğu bilindi. Beləcə, özümüz, öz əlimizlə peşəmizi məhvə aparırıq.
İndi məni qınayan da
olacaq ki, süni intellektin nəyi pisdir?
Pislikdən söz gedə bilməz. Sadəcə, ondan necə istifadə edirlər, sual doğurur.
Jurnalistika ali peşədir. Ürək, hiss istər. Təbiin olmasa,
yazdığın hər şey yamaq kimi görsənəcək.
Təəssüf ki, indi hər şey reytinqə hesablanıb. Kim
daha tez, çevik və hay-küylü xəbər yaydı daha aktualdır. Atüstü, yalan, yanlış xəbərlər baş alıb gedir.
İş o yerə çatıb ki, belə bir gündə hətta, mətbuat işçiləri hansısa blogerin, Tik-Tok
"qəhrəmanının" həbsdən azad edildiyini Əsas xəbər edir. Məhkəmə qarşısında kimlərinsə sağ olsun xalqımız şüarını təkrar-təkrar səsləndirir.
Mövzumu qəhətdir?
Əvvəla, onu deyim
ki, həbsdən azad edilən xanımla heç bir qəsd-qərəzliyim yoxdur. Ən azından anadır. Övladları var. Hətta, biri
autizmin xəstəsidir. Evinə qayıdıb, balalarına analıq etməsi daha gözəl, məqsədəuyğun olar. Əgər onu da etsə.
Hamımız bilirik ki, sosial şəbəkələr, bəzi internet portalları çoxsaylı
insanları manqutlaşdırıb. Evdən, ailədən soyudub. Evində, ərinin dizinin
dibində min hoqqadan çıxanlar çoxalır. Ailə dəyərləri məhv olur. Cəmiyyət olaraq uçurumun
astanasında dayanmışıq sanki. Nə övladımıza
telefondan istifadə etmə deyə bilirik, nə də əlindən çəkib ala.
Bu gün həbsdən çıxan xanım da bunların qurbanıdır. Nə ailəsinin, nə övladlarının qədrini bildi. Qışqır, bağır, söyüş dolu çıxışları ilə özünü məhvə apardı.
İnsan əlindəkinin qədrini bilib,
qorumalıdır. O xanım da ailəsinin qədr-qiymətini bilib,
qorumağa çalışmadı. Xoş günündən, güzəranından
"bezdi" sanki. Bu, ayrı mövzu.
Yaxşı, biz mətbuat işçiləri, jurnalistlər niyə məsələni bu qədər şişirdirik? Yazmağa, işıqlandırmağa mövzu tapa bilmirik?
Azərbaycan jurnalistikası, mətbuatı budur? Həyacan təbili çalmağın vaxtıdır. Bəlkə də, artıq gecdir,
bilmirəm. Amma təəssüf edirəm.
Ramidə
Allahverdiyeva, jurnalist