Masaüstü oyunlar sadəcə vaxt keçirmək və əylənmək vasitəsi deyil, uşaqların intellektual və emosional inkişafında müstəsna rol oynayan vacib metodlardan biridir.
News365.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı uşaqların şəxsiyyət kimi formalaşmasında masaüstü oyunların əhəmiyyəti haqqında diqqətçəkən məqamlara toxunub.
Psixoloqun sözlərinə görə, bu cür oyunlar uşaqlarda analiz etmək, səbir göstərmək, diqqəti cəmləmək və müəyyən olunmuş qaydalara əməl etmək bacarığını sürətlə inkişaf etdirir.
Oyun zamanı yaranan rəqabət mühitinə toxunan E.Baxışlı bildirib ki, davamlı məğlubiyyətlər uşaqlarda müəyyən emosional gərginliyə səbəb ola bilər. Lakin düzgün istiqamətləndirmə ilə bu proses uşağı real həyatın çətinliklərinə və uğursuzluqlarına hazırlayır:
"Valideynlər oyun zamanı uşaqları sərt tənqid etməkdən çəkinməlidirlər. Əksinə, hansı gedişin yalnış, hansının düzgün olduğunu sakit şəkildə izah etmək lazımdır. Müsbət emosional fonda aparılan bu tür müzakirələr uşağa həm zəfəri, həm də məğlubiyyəti ləyaqətlə qəbul etməyi öyrədir."
Mütəxəssis xüsusilə qeyd edib ki, komanda şəklində – iki və ya daha çox şəxslə oynanılan oyunlar uşaqların cəmiyyətə inteqrasiyasına və sosiallaşmasına böyük təkan verir. Bu proses uşaqlara əməkdaşlıq etməyi, komanda ruhunu hiss etməyi və çətinliklərin öhdəsindən birlikdə gəlməyi aşılayır.