2026-cı il üzrə ali məktəblərə qəbul imtahanları başa çatdıqdan sonra universitetlərin qəbul planını tam doldurub-doldurmayacağı əsas müzakirə mövzularından birinə çevrilib.
Təhsil eksperti Məzahir Məmmədov bildirib ki, builki qəbul kampaniyasında ali təhsil müəssisələri plan yerlərini doldurmaqda ciddi çətinliklə üzləşməyəcək.
Ekspertin sözlərinə görə, abituriyentlər arzuladıqları peşəyə deyil, Dövlət İmtahan Mərkəzinin (DİM) müəyyən etdiyi ixtisas qrupları və topladıqları bala uyğun seçim etmək məcburiyyətində qalırlar.
"Bu gün Azərbaycanda ali təhsil müəssisələrinə qəbul abituriyentlərin arzusuna, istəyinə və iradəsinə bağlı deyil. Onlar yalnız blok imtahanında topladıqları nəticəyə uyğun ixtisas seçə bilirlər. Bu isə gələcəkdə əmək bazarında müəyyən uyğunsuzluqlar yaradır. Hüquqşünas olmaq istəyən tarix müəllimi, həkim olmaq istəyən biologiya müəllimi, tərcüməçi olmaq istəyən isə ingilis dili müəllimi ola bilir", – deyə o bildirib.
Məzahir Məmmədov qeyd edib ki, builki qəbul kampaniyasında müəllimlik ixtisasları üzrə plan yerlərinin müəyyən qədər azaldılması həmin istiqamətdə keçid ballarının yüksəlməsinə səbəb ola bilər.
Onun fikrincə, 500–600 bal aralığında nəticə göstərən və prestijli ixtisaslara iddialı olan abituriyentlər üçün ciddi dəyişiklik gözlənilmir. Lakin aşağı bal toplayanlar ixtisas seçimində daha çox çətinliklə üzləşəcəklər.
"Xüsusilə 150–200 bal aralığında nəticə göstərən abituriyentlər üçün seçim imkanları daha məhdud olacaq. Buraxılış imtahanlarının əvvəlki illərlə müqayisədə daha çətin keçməsi də ümumi mənzərəyə təsir edib", – deyə ekspert vurğulayıb.
Universitetlərdə plan yerlərinin boş qalacağı ilə bağlı ehtimallara münasibət bildirən Məzahir Məmmədov hesab edir ki, bu il belə bir problem yaşanmayacaq.
"150 ballıq abituriyentlər arasında belə kifayət qədər rəqabət var. Buna görə də hesab etmirəm ki, universitetlər qəbul planını doldurmaqda ciddi çətinlik çəksin və ya çoxlu boş yerlər qalsın", – deyə təhsil eksperti əlavə edib./// modern