İranın proksi qüvvələrə hərbi dəstəyinin kəsildiyini demək doğru deyil

İranın proksi qüvvələrə hərbi dəstəyinin kəsildiyini demək doğru deyil
10:05

İranın regiondakı silahlı qruplara dəstəyi ilə bağlı qəti nəticə çıxarmaq hələ tezdir. Son vaxtlar Tehranın Yaxın Şərqdəki proksi qüvvələrə hərbi yardımının zəiflədiyi ilə bağlı müxtəlif iddialar səslənsə də, bu istiqamətdə təsdiqlənmiş faktlar yoxdur. Politoloq Aydın Quliyev hesab edir ki, mövcud vəziyyət daha çox proseslərin gedişi əsasında qiymətləndirilməlidir.

News365.az-a açıqlama verən politoloq bildirib ki, İranın Hizbullah və digər silahlı qruplara hərbi yardımı ilə bağlı indiyədək də konkret məlumatlar ictimaiyyətə açıqlanmayıb.


“Bu, konkret məlumatlarla təsdiqlənən məsələ deyil. Əvvəlki dövrlərdə də İranın proksi qüvvələrə, o cümlədən Hizbullaha hansı həcmdə və hansı formada hərbi yardım göstərdiyi barədə dəqiq məlumatlar olmayıb. Heç kim bilmirdi ki, bu yardım hansı kanallarla həyata keçirilir, hansı silahları və ya hansı hərbi texnikanı əhatə edir. İndi də bu barədə konkret faktlar yoxdur. Belə məlumatlara çıxış əldə etmək çox çətindir”, – deyə o bildirib.

Politoloqun sözlərinə görə, vəziyyəti daha çox bölgədə baş verən proseslər əsasında qiymətləndirmək mümkündür.

“İranın həmin qüvvələrə hərbi dəstəyinin səviyyəsini meydandakı vəziyyətə əsasən təhlil etmək olar. Müharibə şəraitində olan, hərbi sənayesi zərbələr alan bir ölkənin imkanlarının müəyyən qədər zəifləməsi təbiidir. Ancaq bundan çıxış edərək İranın hərbi yardımının tamamilə kəsildiyini söyləmək doğru olmaz”, – deyə Aydın Quliyev qeyd edib.

O vurğulayıb ki, İran üçün regiondakı proksi qüvvələrin fəaliyyətini davam etdirməsi strateji əhəmiyyət daşıyır.

“Bu qüvvələr əvvəllər hücum mövqeyində idilər. İndi Hizbullahın və HƏMAS-ın bundan sonra hansı addımları atacağı açıq qalan məsələdir. Buna görə də İranın hərbi dəstəyinin dayandırıldığını demək düzgün olmaz. Yardımın hansı formada davam edəcəyi isə zamanla məlum olacaq. Bu qüvvələrin meydanda qalaraq fəaliyyət göstərməsi İran üçün həyati əhəmiyyət daşıyan məsələdir”, – deyə politoloq vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada