Rusiya hərbi cəbhədə uduzur

Rusiya hərbi cəbhədə uduzur
09:37

Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda Avropada təhlükəsizlik arxitekturasının dəyişməsi və yeni hərbi-siyasi əməkdaşlıq formatlarının formalaşması müzakirə mövzusu olaraq qalır. Ekspertlər və siyasətçilər hesab edirlər ki, müharibənin gedişi təkcə regionun deyil, qlobal təhlükəsizlik mühitinin gələcəyinə də ciddi təsir göstərə bilər

Milli Məclisin deputatı Tural Gəncəliyev hesab edir ki, Ukrayna ətrafında baş verən son proseslər Avropada yeni təhlükəsizlik formatının formalaşdığını göstərir.


News365.az-a açıqlama verən deputat bildirib ki, iyulun 14-də Fransada Bastiliya Gününün qeyd olunduğu vaxt Ukrayna ilə bağlı “Könüllülər koalisiyası”nın növbəti toplantısı keçirilib.

“Xatırlayırsınızsa, iyulun 14-də Parisdə Bastiliya qalasının alınmasının ildönümü – Bastiliya Günü qeyd olunarkən Ukrayna ilə bağlı ‘Könüllülər koalisiyası’nın toplantısı keçirildi. Bu, onu göstərir ki, Ukraynanın hazırkı mərhələdə Avropa İttifaqı və NATO-ya üzvlüyü mümkün görünmədiyi üçün yeni bir əməkdaşlıq formatı formalaşdırılır. Bu koalisiya həm diplomatik, həm hərbi, həm də ümumilikdə Rusiyaya qarşı fəaliyyət göstərməyə hazır olan dövlətləri bir araya gətirir”, – deyə deputat bildirib.

Tural Gəncəliyevin sözlərinə görə, Rusiya hərbi baxımdan ciddi çətinliklərlə üzləşir.

“Rusiya ilə müharibənin genişlənməsi artıq qaçılmaz görünür. Hesab edirəm ki, Rusiya hərbi cəbhədə bu müharibəni uduzur. Çünki müasir texnologiyalar, dronlar və süni intellekt əsasında hazırlanmış silah sistemləri qarşısında üstünlük əldə etmək imkanları məhdudlaşır. Rusiya demək olar ki, arsenalındakı əsas silahlardan və raket ehtiyatlarından geniş şəkildə istifadə edib”, – o qeyd edib.

Deputat bildirib ki, müharibənin gedişi daha təhlükəli mərhələyə keçə bilər.

“Rusiyanın əlində qalan ən ciddi çəkindirici vasitə nüvə silahıdır. Əgər Moskva özünü məğlub vəziyyətdə hiss edərsə, bu silahdan istifadə ehtimalını tamamilə istisna etmək olmaz. Təəssüf ki, hadisələrin inkişafı bizi getdikcə daha təhlükəli bir mərhələyə yaxınlaşdırır”, – deyə Tural Gəncəliyev vurğulayıb.



Sizin reklam burada
Sizin reklam burada