Sülh imzalayıb, digər tərəfdən iddia saxlamaq ziddiyyətdir- Politoloqdan şərh

Sülh imzalayıb, digər tərəfdən iddia saxlamaq ziddiyyətdir- Politoloqdan şərh
09:30

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin "Haber Global" televiziya kanalına açıqlamasında bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar çıxarılmalıdır.

Onun sözlərinə görə, Ermənistanda yeni konstitusiyanın qəbulu üçün prosesin başlanmasına dair siqnallar mövcuddur:

“Bu ərazi iddiaları konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycan yekun sülh sazişinin imzalanması üçün problem görmür. Bunun fövqündə bölgəmizdə artıq de-fakto sülh vəziyyəti mövcuddur", - deyə H.Hacıyev qeyd edib.

“Konstitusiya dövlətin rəsmi hüquqi iradəsidir"

Siyasi şərhçi Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Hikmət Hacıyevin səsləndirdiyi mesaj Azərbaycanın sülh prosesi ilə bağlı prinsipial mövqeyinin növbəti dəfə təsdiqidir.


Onun sözlərinə görə, Bakı artıq məsələyə yalnız siyasi bəyanatlar prizmasından yanaşmır:

"Ermənistan həqiqətən regionda uzunmüddətli sülh istəyirsə, bunu ilk növbədə öz hüquqi bazasında sübut etməlidir. Azərbaycanın israrla Ermənistan Konstitusiyasındakı ərazi iddialarının çıxarılmasını tələb etməsi təsadüfi deyil. Çünki dövlətlərin xarici siyasəti hakimiyyətlərin dəyişməsi ilə dəyişə bilir, lakin konstitusiya dövlətin rəsmi hüquqi iradəsini əks etdirən əsas sənəddir".

T.Rzayev qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları qaldığı müddətdə imzalanacaq istənilən sülh sazişi gələcəkdə hüquqi və siyasi risk daşıyacaq:

"Bir tərəfdən sülh sənədi imzalamaq, digər tərəfdən isə konstitusiyada qonşu dövlətlərə qarşı iddiaları saxlamaq daban-dabana zidd yanaşmadır".

"Türkiyənin olmadığı masada Azərbaycan, Azərbaycanın olmadığı masada Türkiyə var"*

Hikmət Hacıyev açıqlamasında Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə də toxunub:

"Türkiyənin olmadığı masada Azərbaycan, Azərbaycanın olmadığı masada isə Türkiyə var. Ölkələrimizin maraqlarına qarşı olan hər bir addıma qəti şəkildə cavab veririk, bundan sonra da bu şəkildə davam edəcəyik"*.

Turan Rzayevin fikrincə, bu ifadə iki ölkənin artıq klassik strateji tərəfdaşlıq mərhələsini keçərək vahid geosiyasi xətt üzrə hərəkət etdiyini göstərir:

Bu, regionda istənilən siyasi və təhlükəsizlik məsələsində Ankara ilə Bakının koordinasiyalı fəaliyyət göstərdiyinə dair açıq mesajdır. Eyni zamanda, bu bəyanat Ermənistan və digər regional aktorlara da göstərir ki, Azərbaycan-Türkiyə tandemi bundan sonra da Cənubi Qafqazda formalaşacaq yeni təhlükəsizlik sisteminin əsas dayaqlarından biri olaraq qalacaq".


Sizin reklam burada
Sizin reklam burada