Sabir Kamal oğlu Hacıyev "Şöhrət" ordeni ilə təltif
edilib.
News365.az xəbər verir ki, Sabir Hacıyev 1954-cü il oktyabrın
5-də Göyçay şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Hüquq
fakültəsini bitirib. Əməkdar hüquqşünasdır. Rus və ingilis dillərini
bilir.
1977-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VVAQ İdarəsində məsləhətçi,
baş məsləhətçi, Qanunların Sistemləşdirilməsi və Qanun Layihələrinin
Hazırlanması İdarəsində baş məsləhətçi, rəis müavini işləyib. 1988-ci ildən
respublika prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində
çalışıb. 1990-1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının
Dövlət-hüquq şöbəsinin müdiri, Azərbaycan Respublikasının hüquq siyasəti üzrə
dövlət müşaviri olub.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, üçüncü, dördüncü və
beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavini, Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Moldova parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Qətər, Liviya,
Lüksemburq, Polşa, Rusiya, Ukrayna, Yaponiya parlamentləri ilə əlaqələr üzrə
işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında və Avropa Şurasının Parlament
Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.