Samsunun Atakum rayonunda sahildə spirtli içki qəbul etdiyi üçün cərimələnən 40 yaşlı C.V. az sonra dənizə yıxılıb. Polis tərəfindən xilas edilən şəxsə ətrafı narahat etdiyi üçün ikinci dəfə də cərimə tətbiq olunub.
News365.az xəbər verir ki, hadisə Samsunun Atakum rayonunda baş verib. Sahildə alkoqollu içki qəbul etdiyi müəyyən edilən C.V.-yə, 5326 saylı İnzibati Xətalar Məcəlləsinə əsasən 2 min 953 lirə məbləğində inzibati cərimə tətbiq edilib.
Cərimədən sonra dəniz kənarındakı pilləkənlərdə əyləşən C.V., təxminən yarım saat sonra ayağa qalxarkən tarazlığını itirərək dənizə yıxılıb. Hadisəni görən polis əməkdaşları dərhal müdaxilə edərək onu sudan çıxarıb.
Sahilə çıxarıldıqdan sonra yüksək səslə qışqıraraq ətrafdakıları narahat etdiyi bildirilən C.V.-yə bu dəfə 1 min 406 lirə məbləğində ikinci cərimə kəsilib.
Təhlükəsizlik məqsədilə hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən Ondokuz Mayıs Universitetinin Tibb Fakültəsi Xəstəxanasına aparılan C.V.-nin səhhətinin yaxşı olduğu bildirilib.
Hadisə anı isə ərazidəki vətəndaşlardan biri tərəfindən mobil telefon kamerası ilə qeydə alınıb.
News365.az