Uşaqlarımızın
gələcəyini düşünmək üçün bu gün biz bu sual ətrafında yaxşı-yaxşı düşünməliyik:
Əzab-əziyyətlə qazanılan pul əslində hara xərclənəndə daha faydalı olur?
Mövzu
ilə bağlı News365.az–a danışan
iqtisadçı ekspert Eldəniz Əmirov
deyir ki, Azərbaycanda əhalinin kütləvi üz
tutduğu istehlak kreditlərinin həcmi durmadan artır:
“Son bir ildə
belə kreditlərin həcmi 1.5 milyard manat artaraq, 8 milyard manata çatıb. Bu həm
də Azərbaycandan böyük pulların çıxması deməkdir. Çünki, istehsalı daxili təlabatı
ödəyə bilməyən ölkələrdə istehlak krediti ölkədən çıxan pullara çevrilir. 8
milyard ölkəmizin ümumi kredit porfelinin təxminən 3-də 1 hissəsidir. Biznes
kreditlərinin isə 60%-nə bərabərdir. Bu hədsiz mənfi xarakterizə ediləcək göstəricidir.
Məsələn, “Kredit fəlsəfəsi”nin oylağı olan ABŞ-da verilən ümumi kreditlərin həcmi
35 trilyon dollardır. Bunun cəmi 5 trilyon dolları istehlak kreditləridir ki,
bu da ümumi kreditlərin 14%-i deməkdir.
Hələ nəzərə
alsaq ki, ABŞ-da xərclənən isteklak kreditlərinin çox böyük hissəsi ölkənin
daxilində qalır. Çünki əhali əsasən öz ölkəsində istehsal edilən telefonu,
komputeri və digər malları alır. Bu da daxildə sahibkarlığı və istehsalı
inkişaf etdirir. Amma Azərbaycan bu məhsulların HAMISINI xaricdən aldığı üçün
istehlak kreditlərinə yönələn 8 milyard manatın böyük hissəsi bu məhsullarını
aldığımız ölkələrə axıb gedir”.
Müsahaibimiz
əlavə etdi ki, bu prosesdə malını bizə satan ölkələr də udur, istehlak krediti
verən banklar da, bu malları ölkəmizə gətirib ticarəti quran subyektlər də:
“Uduzan
insanlar - istehlakçılardır. Onları kimsə buna məcbur etmir. Amma onlar bir
birilə bəhsə getməklə özləri özlərini buna məcbur edirlər.
Babamız,
atamız piyada gəzib, özümüz bahalı maşın istəyirik. Nənəmiz, anamız 10-15 nəfərin
istifadə etdiyi qabları soyuq suda yuyub, amma özümüz 2 nəfərin boşqabını isti
suda yumaq istəmirik ki, qabyuyan maşın olmalıdır. Atamız bir topla, maksimum
bir velosiped almaqla bizi xoşbəxt etdiyi halda, biz uşaqlarımızı ayfonlarla,
smartfonlarla, nə bilim smart nələrləsə xoşbəxt etməyə çalışırıq.
Nəticədə
süfrəmiz üçün, uşaqlarımızın qidası və təhsili üçün xərclənməli olduğumuz
pulları görüntü naminə, bəhsəbəhs naminə mənasız əmtəələrə xərcləyirik. Xaricdə
istehsalını qurmağı bacarmış ağıllı insanlar isə bu pulları bizdən alıb öz
uşaqlarının təhsilinə xərcləyir. Sonra da onların uşaqları da, bizim
uşaqlarımızın uşaqlarının pulunu öz uşaqlarına xərcləyəcəklər. Buna görə də bu
gün ilk növbədə istehlak kreditlərinin verilmə şərtinə yenidən baxılmalı və sərtləşdirilməlidir.
Amma bu kifayət deyil, insanlar da bir sual ətrafında yaxşı-yaxşı düşünməlidir:
Əzab-əziyyətlə qazanılan pul əslində hara xərclənəndə daha faydalı olur?”
News365.az