Sosial müavinətlərin artırılıb-artırılmayacağı məsələsi hər il olduğu kimi yenidən gündəmə gəlir. Bu ödənişlərdən yararlanan vətəndaşların sayının az olmadığını nəzərə alsaq, məsələnin yalnız illik gözlənti kimi müzakirə edilməsi deyil, konkret mexanizmlə tənzimlənməsi də vacib hesab olunur.
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, sosial müavinətlərin məbləği müəyyən iqtisadi göstəricilərə bağlanmalıdır.
Onun fikrincə, sosial ödənişlərin minimum həddi qanunvericilikdə dəqiq müəyyənləşdirilərsə, hər il ayrıca artım gözləntisinin yaranmasına ehtiyac qalmaz.
“Sosial müavinətlərin bir kriteriyası olmalıdır. Bu müavinətlər minimum əməkhaqqından və yaxud yaşayış minimumundan aşağı ola bilməz. Mövcud qanuna belə bir kriteriya əlavə etmək lazımdır. Əgər qanunda belə bir əlavə olarsa, avtomatik olaraq yaşayış minimumu və ya minimum əməkhaqqı artan kimi sosial müavinətlər də artmalıdır”, - ekspert bildirib.
Natiq Cəfərli hesab edir ki, belə yanaşma sosial müavinətlərin artırılması məsələsində daha aydın və proqnozlaşdırıla bilən sistem yarada bilər.
“Bu məsələni hər il gözlənti halına salmaqdansa, artacaq-artmayacaq kimi müzakirələr aparmaqdansa, qanunla tənzimlənməsi və bəlli bir mexanizmin olması məncə, daha məntiqli olardı”, - deyə o vurğulayıb.
News365.az