Ər-Riyadda Rusiya- ABŞ ekspert məsləhətləşmələri başlayıb.
News365.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Moskvanı Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda təmsil edir.
Tərəflərin xüsusilə 2022-ci ilin iyulundan 2023-cü ilin iyuluna qədər fəaliyyət göstərən "Qara dəniz təşəbbüsü" və ya "taxıl sazişi" kimi tanınan sənədin mümkün bərpası perspektivlərini müzakirə edəcəkləri gözlənilir.
***
Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyad görüşü qapalı olacaq.
Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları jurnalistlərdən görüşün keçiriləcəyi “The Ritz-Carlton” otelinin binasını tərk etməyi xahiş ediblər.
Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.
ABŞ nümayəndə heyətinə isə Dövlət Departamentinin Siyasi Planlaşdırma direktoru Maykl Enton, həmçinin Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun və milli təhlükəsizlik müşaviri Mayk Uoltsun köməkçiləri daxildir.