İyunun 26-da Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru – Həştərxan vilayəti Hökumətinin sədri Denis Afanasyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qubadlı rayonuna səfər edib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin müşayiəti ilə nümayəndə heyəti Qubadlı rayonunun Mahruzlu kəndində Həştərxan vilayəti Hökumətinin tərəfindən inşa olunan məktəbəqədər təhsil müəssisəsində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Qonaqları Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb.
O, Denis Afanasyevin rəhbərlik etdiyi nümayəndə heyətinə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə, eləcə də sosial infrastruktur layihələrinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nümayəndə heyətinə məktəbəqədər təhsil müəssisəsində aparılan tikinti işləri, binanın texniki göstəriciləri və görülən işlərin cari vəziyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Mahruzlu kəndində inşa edilən 80 yerlik məktəbəqədər təhsil müəssisəsinin təməli 2024-cü ilin dekabr ayında qoyulub. İkimərtəbəli, zirzəmili olmaqla üç korpusdan ibarət olan bağça 0,65 hektar ərazini əhatə edir. Tikilinin oturum sahəsi 1 906 kvadratmetr, ümumi tikinti sahəsi isə 2 370 kvadratmetr təşkil edir.
Hazırda binada əsas tikinti işləri başa çatdırılıb, daxili təmir və abadlıq işləri davam etdirilir. Bildirilib ki, tikinti işlərinin tam yekunlaşdırılması və binanın istifadəyə tam təhvil verilməsi cari ilin avqust ayında nəzərdə tutulur.
Qeyd olunub ki, uşaq bağçası Həştərxan vilayətinin Azərbaycana hədiyyəsi kimi inşa edilir. Hələ 2024-cü ildə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin işğaldan azad olunmuş Qubadlı rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikiləcəyini bəyan etmişdi.
Uşaq bağçasına rus yazıçısı Pyotr Yerşovun adı veriləcək, binanın fasadı isə yazıçının nağıllarının motivləri əsasında hazırlanmış təsvirlərlə bəzədiləcək.
Vurğulanıb ki, Həştərxan vilayəti son illər Azərbaycanın Rusiya regionları arasında ən fəal tərəfdaşlarından biri kimi çıxış edir və Qarabağda infrastrukturun bərpasına dəstək təşəbbüsü ilə çıxış edən ilk Rusiya regionu olduğunu bildirir.
Layihə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində doğma torpaqlarına qayıdan ailələr üçün müasir sosial infrastrukturun formalaşdırılmasına mühüm töhfə kimi qiymətləndirilir.
Qeyd edək ki, son illərdə Azərbaycan ilə Həştərxan vilayəti arasında ticarət-iqtisadi, nəqliyyat-logistika, təhsil, mədəniyyət və gənclər siyasəti sahələrində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Əməkdaşlığın əsas istiqamətlərindən biri də Rusiya, Azərbaycan və regionun digər ölkələrini birləşdirən “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafıdır.

