Bakının Xəzər rayonunda qayınata gəlininə xəsarət yetirib.
Hadisə Xəzər rayonu, Şüvalan qəsəbəsi, Mayak bağları deyilən ərazidə baş verib.
Lerik rayon sakini, 1961-ci il təvəllüdlü Fəhmin həmin birgə yaşadıqları evdə gəlini Gülnarla (adlar şərtidir – red.) mübahisə edib.
İş üzrə izahat verən Fəhmin bildirib ki, zərərçəkmiş Gülnar onun gəlinidir:
“Məlum hadisə günü, təxminən saat 9 radələrində yaşadıqları evdə olan zaman nəvəm Zaurun 9-cu sinif buraxılış imtahanından 130 bal topladığı üçün ona öz iradımı bildirdim. Bu zaman gəlinim mənə kobud cavab verdiyi üçün aramızda mübahisə düşdü. Mən də bundan əsəbləşdim və stolun üzərindən götürdüyüm stəkanı ona atdım. Nəticədə stəkan gəlinimin sifət nahiyəsinə dəyərək xəsarət yetirdi”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, şikayət vermiş gəlini ilə barışdığını bildirib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs zərərçəkənlə barışdığı üçün onun barəsində olan cinayət təqibinə xitam verilib.
Hökmə əsasən, Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib./// demokrat.az