“Hələ vaxtı deyil” deyib susmayın – Fazil Mustafadan çağırış

“Hələ vaxtı deyil” deyib susmayın – Fazil Mustafadan çağırış
16:30

Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında ictimai fikrin formalaşması və cəmiyyət üçün faydalı məsələlərin gündəmə gətirilməsi ilə bağlı paylaşım edib.

Deputat bildirib ki, cəmiyyət üçün faydalı olan fikirləri ifadə etməkdən çəkinmək lazım deyil:

“Anladığım gerçək budur ki, xalq üçün, cəmiyyət üçün faydalı olan nə varsa, yazmaqdan çəkinməyin. Çünki yazılan hər zaman anlayan insanlar üçündür”.

Fazil Mustafa qeyd edib ki, “sosial şəbəkə qaragüruhu belə istəyir” və ya “hələ vaxtı deyil” kimi yanaşmalar fikir və düşüncə həyatının inkişafına mane ola bilər.

“Əgər ‘sosial şəbəkə qaragüruhu belə istəyir’, ‘hələ vaxtı deyil’ kimi ifadələrə baş qoşulsaydı, nə yunanlarda, nə də Orta əsrlərdə hansısa fikir həyatı ola bilərdi. Bizdə də nə Axundov, nə Mirzə Cəlil, nə də Sabir olardı”, – deyə deputat vurğulayıb.

Deputat daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin fikirlərindən sitat gətirib.

“Tarix, əlbəttə, hər millətin siyasi həyatını və istiqlaliyyətini tədqiq edərkən, heç bir xətanı unutmayacağı kimi, heç bir fərdi də məsuliyyətsiz buraxmayacaqdır! Siyasətçilər siyasi xətalarından, alimlər tənbəlliyindən, hərbçilər yanlış müdafiə taktikalarından, camaat məfkurəsizliyindən, cahil də cahilliyindən məsuliyyət daşıyırlar”, – Fazil Mustafa qeyd edib.

Deputat paylaşımının sonunda öz məsuliyyətinin hansı kateqoriyaya aid olduğunu dəqiq bildiyini bildirib:

“Şəxsən mən öz məsuliyyətimin hansı kateqoriyaya aid olduğunu dəqiq bilirəm”.


Sizin reklam burada
Sizin reklam burada