Azərbaycan və Litva arasında son illərdə siyasi, iqtisadi və diplomatik əlaqələrdə müsbət dinamika müşahidə olunur. Qarşılıqlı səfərlər və yüksək səviyyəli təmaslar iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün yeni imkanlar yaradır.
Politoloq Tural İsmayılov Azərbaycan-Litva münasibətlərinin inkişaf perspektivlərini News365.az-a açıqlamasında dəyərləndirib.

O bildirib ki, son illərdə Azərbaycan-Litva əlaqələri müxtəlif istiqamətlərdə müsbət dinamika ilə inkişaf edib:
“Bu gün Azərbaycan-Litva münasibətləri mövcuddur və son illərdə bu əlaqələr artan şəkildə müsbət dinamika ilə inkişaf edib. Müxtəlif rəsmi səviyyələrdə Azərbaycan və Litva nümayəndələri arasında görüşlər keçirilib. Tərəflər həm xarici siyasət, həm də iqtisadi-ticari münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıblar və razılıqlar əldə ediblər”.
Politoloqun sözlərinə görə, Litvanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərləri və qarşılıqlı təmaslar iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı siyasi iradənin göstəricisidir:

“Litvanın keçmiş baş nazirinin Azərbaycana səfəri fonunda iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Eyni zamanda, Litvanın yeni baş nazirinin Prezident İlham Əliyevə telefonla zəng etməsi və Azərbaycan-Litva münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı mövqe nümayiş etdirməsi iki ölkə arasındakı əlaqələri dərinləşdirmək üçün siyasi iradənin olduğunu göstərir”.
Tural İsmayılov qeyd edib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu və nəqliyyat-logistika layihələrindəki mövqeyi də Avropa ölkələrinin diqqətini cəlb edir:
“Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, xüsusilə Cənubi Qafqazda, eləcə də Şərq-Qərb və Şimal-Cənub kimi mühüm nəqliyyat və logistika layihələrində tutduğu mövqe Avropa İttifaqına üzv dövlətlər tərəfindən, xüsusilə də Qərbi Avropa ölkələri tərəfindən səmərəli şəkildə dəyərləndirilir”.
Politoloq hesab edir ki, qarşılıqlı səfərlərin və diplomatik əlaqələrin intensivləşməsi Azərbaycan-Litva münasibətlərinin yeni mərhələyə keçməsinə şərait yarada bilər:
“Bu baxımdan qarşılıqlı səfərlərin, əlaqələrin və əməkdaşlığın daha da dərinləşməsi Azərbaycan-Litva münasibətləri üçün yeni imkanlar yaradır. Bu imkanlar Azərbaycanın gələcək iqtisadi və siyasi fəallığının, eləcə də Avropa İttifaqı ölkələri ilə əlaqələrinin daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Litva üçün də Azərbaycan kimi mühüm regional aktorla əlaqələri genişləndirmək xüsusi strateji əhəmiyyətə malikdir”.