İkinci Qarabağ Müharibəsi qazisi Hüseyinov Raqil Ağahüseyin oğlu əlilliyinin bərpa olunmamasından şikayətçidir.
News365.az xəbər verir ki, qazi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
R.Hüseyinov videoda amputasiya edilən əl barmaqlarını, bədənindəki ağır yanıq izlərini göstərib. İş qabiliyyətini itirdiyini qeyd edən qazi çətin şəraitdə yaşadığını əlavə edib: “Cəlilabad rayonunun hərbi komissiyasının sədri Vüqar Mirzəyev məni çox incidir. Sənədlərimə imtina verib. TƏBİB-ə müraciət etmişəm, deyirlər ki, məhkəməyə müraciət et. Əlilliyin Bərpa Mərkəzinə getdim, onlar da dedi bizə aidiyyəti yoxdur. İş qabiliyyətimi itirmişəm, başqa qazanc yerim yoxdur. Övladımın yeməyi o pensiyadan gəlirdi. Xahiş edirəm, bu işə baxılsın. Bədənim, boğazım yara içindədir, çənəm əyridir, insan içinə çıxmğa utanıram. Boğaza yığılmışam”.
Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirib ki, Salyan rayon sakini 2002-ci il təvəllüdlü Hüseynov Raqil Ağahüseyn oğluna təyin olunan əlillik müddəti 27.05.2026-cı il tarixdə başa çatsa da, onun əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı heç bir müraciəti olmayıb: “Bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yenidən müvafiq sənədlər (forma-88) elektron sistemə göndərilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparıla bilsin. Göndəriş daxil edildiyi halda qanunvericiliyə uyğun olaraq Raqil Hüseynovun əlilliyinin təkrar qiymətləndirilməsi aparılacaq”.
Qazinin problemi ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin də mövqeyini öyrəndik. TƏBİB-dən sorğumuza belə cavab verildi: “Vətəndaş Raqil Hüseynovun tibbi sənədlərində qeyd olunan diaqnoz və ağırlaşmaları Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyinatına uyğun olmadığına görə Həkim Məsləhət Komissiyası tərəfindən “Əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina aktı” tərtib edilərək təqdim olunub.
Nuranə Daxilqızı