ABŞ diplomatlarının Moskva və Kiyev səfərləri nəticə verəcəkmi?- AÇIQLAMA

ABŞ diplomatlarının Moskva və Kiyev səfərləri nəticə verəcəkmi?- AÇIQLAMA
16:10

Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində ABŞ diplomatlarının Moskva və Kiyevə davamlı səfərləri nəticə baxımından ciddi irəliləyiş vəd etmir. Bu səfərlərin mahiyyət etibarilə Azərbaycan və Ermənistan arasında ATƏT-in Minsk Qrupu çərçivəsində keçirilən nəticəsiz diplomatik təmasları xatırlatdığı bildirilir.

Politoloq Taleh Əliyev News365.az-a açıqlamasında deyib ki, Azərbaycan cəmiyyəti bu cür nəticəsiz diplomatik səfərlərin nə ilə nəticələndiyini əvvəllər də müşahidə edib.


“Bu ssenari biz azərbaycanlılar üçün daha tanış ssenaridir. Söhbət amerikalı diplomatların, sülh tərəfdarlarının davamlı və nəticəsiz gəliş-gedişlərindən gedir. Oxşar diplomatik korpus vaxtilə Azərbaycanla Ermənistan arasında ATƏT-in Minsk Qrupunun mandatı altında fəaliyyət göstərirdi. Davamlı səfərlər olurdu, gəlirdilər, gedirdilər. Müəyyən mənada xalqımızda, xüsusən də həmin bölgədən olan insanlarda bir ümid yaranırdı, sonra isə məlum olurdu ki, heç nə dəyişməyib. Gəldilər və yenə getdilər”, – deyə politoloq bildirib.

Onun sözlərinə görə, ABŞ diplomatlarının hazırda Moskva və Kiyevə səfərləri də mahiyyət etibarilə Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan arasında apardığı diplomatik təmaslardan ciddi şəkildə fərqlənmir.

“Bu gün amerikalı diplomatların Moskva və Kiyevə səfərləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səfərlərindən heç nə ilə fərqlənmir. Yəni bunlar nəticəsiz səfərlərdir. ABŞ özü də göndərdiyi nümayəndə heyətinin konkret öhdəlik və ya konkret sülh sazişi mətninin əldə olunmasına nail olmadığını bilir. Onlar sadəcə tərəfləri dinləyirlər. Halbuki tərəflərin mövqeyi onsuz da məlumdur və həm Rusiya, həm də Ukrayna rəhbərliyi müharibənin sülh yolu ilə həlli ilə bağlı mövqelərini açıq şəkildə ifadə ediblər”, – Taleh Əliyev qeyd edib.

Politoloq hesab edir ki, hazırkı mərhələdə real sülhə gətirib çıxara biləcək yeni addımların atılması üçün tərəflərin mövqelərində ciddi dəyişiklik olmalıdır.

“Demək olar ki, müharibənin ilk günlərindən sonra bütün ictimaiyyət tərəflərin mövqeyindən xəbərdardır. Bu gün də danışıqlarda biz tərəflərin mövqelərindən çıxış edərək real sülhə gətirib çıxara biləcək hansısa addımın atılacağını daha real görmək istəyirik. Amma hansısa vasitəçilərin uzunmüddətli və davamlı şəkildə gəlib hər iki tərəflə danışmasının özü nəticə verməyəcək. Mən düşünmürəm ki, amerikalı diplomatlar Rusiya Prezidenti Vladimir Putinə və ya Ukrayna Prezidenti Volodimir Zelenskiyə tamamilə yeni bir təklif təqdim edə biləcəklər. Çünki yeni təklif üçün ortada yeni bir situasiya yaranmayıb”, – deyə o vurğulayıb.


T.Əliyev son dövrlərdə Rusiya-Ukrayna cəbhəsində qarşılıqlı hücumların da intensivləşdiyini diqqətə çatdırıb.

“Doğrudur, Ukraynanın bu ilin may ayından sonra Rusiyaya qarşı hava hücumları, o cümlədən raket zərbələri intensiv xarakter almışdı. Son günlərə qədər biz demək olar ki, hər gün sosial şəbəkələrdə və müxtəlif kanallarda Ukrayna və Rusiyanın müxtəlif bölgələrində təkcə hərbi obyektlərin deyil, neft, qaz və kimya obyektlərinin, eləcə də ticarət obyektlərinin, müxtəlif şirkətlərin anbarlarının vurulması ilə bağlı məlumatlar görürdük”, – politoloq bildirib.

Onun sözlərinə görə, son bir həftə ərzində isə Ukrayna ərazisində mülki yaşayış məntəqələrinə və qeyri-hərbi təyinatlı obyektlərə endirilən zərbələr barədə məlumatlar daha çox diqqət çəkir.

“Son bir həftə ərzində isə biz Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna ərazisində, xüsusən də şərqdə mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və qeyri-hərbi təyinatlı obyektlərin vurulmasının daha çox şahidi oluruq”, – deyə Taleh Əliyev əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada