"Azərbaycanın Qarabağ bölgəsində heç vaxt rus icması mövcud olmayıb. Lakin Rusiya, sülhməramlı qüvvələr adı altında bölgəyə yerləşdirdiyi kontingent vasitəsilə orada süni şəkildə “rus icması” görüntüsü yaratmağa çalışmışdı. "
Ümid Partiyasının sədri İqbal Ağazadə bu sözləri News365.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, 2020-ci ildən sonra Rusiya bölgədə hərbi-siyasi mövcudluğunu gücləndirmək üçün müxtəlif addımlar atıb:
“Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə Ermənistan pasportlarına paralel şəkildə Rusiya pasportları da paylanmağa başlanmışdı. Bu isə gələcəkdə bölgədəki rusları qorumaq adı altında müdaxilə üçün zəmin yaratmaq məqsədi daşıyırdı”.
Ekspert əlavə edib ki, Rusiya bu siyasəti təkcə Azərbaycana qarşı deyil, digər postsovet ölkələrində də tətbiq edib:
“Bu, Kreml üçün yeni deyil. Daha əvvəl də Abxaziya, Osetiya və Krımda eyni ssenarilər işlənmişdi. Qarabağda isə bu plan Paşinyan hökumətinin və Azərbaycan ordusunun ciddi müqaviməti ilə qarşılaşdı”.
Politoloq həmçinin qeyd edib ki, Ermənistanda Rusiya təsirindən çıxmaq meyilləri Paşinyan hakimiyyətə gəldikdən sonra güclənib:
“Xüsusilə 2018-ci ildən sonra Paşinyanın hakimiyyətə gəlişi ilə erməni cəmiyyətində Rusiyaya qarşı narazılıq və inamsızlıq artdı. Məhz bu səbəbdən Rusiya istədiyi strateji təsiri tam həyata keçirə bilmədi”.
Ekspertin fikrincə, Moskvanın bölgədəki planları yalnız hərbi və siyasi deyil, həm də ideoloji aspekt daşıyır:
“Əgər Rusiya əlində real imkanlar görsəydi, bu planları çoxdan həyata keçirərdi. Amma hazırda nə Qarabağda, nə də Ermənistanda buna şərait yoxdur”.