Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb. Prezident İlham Əliyev görüşdə çıxışı bir çox baxımdan diqqət çəkir.
Politoloq Turan Rzayev bunu News365.az-a şərh edib.
"Prezident deyib ki, hadisə ilə bağlı Dövlət Komissiyası yaradılıb və komissiya fəaliyyət göstərir. Eyni zamanda, ölkə başçısının, mənim göstərişimlə Azərbaycan prokurorluğu cinayət işi açıb. Prezident deyib ki, “cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir”.
"Prezidentin versiyası nə idi?
1. Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında vurulub;
2. Təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır;
3. Rusiya tərəfi hadisəni ört-basdır etməyə çalışıb. Rusiya Prezidenti Vladimir Putin üzrxahlıq etsə də günahkarların cəzalandırılıb cinayət məsuliyyətinə cəlb edilməsi, habelə Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödənilməsi həllini tapmayıb. Xüsusilə Bakının günahkarların cəzalandırılıb cinayət məsuliyyətinə cəlb edilməsini tələb etməsi, Kremlin isə bunu hələlik etməməsi diqqət çəkir. Məsələ ondadır ki, Çeçenistan lideri Ramzan Kadırov dekabrın 26-da Təhlükəsizlik Şurasının katibi vəzifəsini daşıyan qardaşı oğlu Həmzət Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif etmışdı. Həmzət Kadırov dekabrın 25-də Çeçenistan səmasında Ukrayna PUA-larının vurulduğunu açıqlamışdı. Yəni onun təltif edilməsi Ukrayna PUA-larının vurulmasına görədir. AZAL-ın təyyarəsi də məhz Çeçenistandakı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Belə bir nəticəyə gəlmək olar ki, Bakının cəzalandırılmasını tələb etdiyi şəxslərdən biri də Həmzət Kadırovdur. Bakının bu tələbi görünür, Kremli çətin durum qarşında qoyub. Belə ki, Ramzan Kadırov Həmzət Kadırov qurban vermək istəmir. Kreml isə Çeçenistanın qarışmasını istəmir. Əks təqdirdə bir neçə zabiti qurban vermək Kreml üçün elə də çətin olmamalıydı. Digər tərəfdən bu vəziyyət Kadırov üçün arzuedilən deyil. Çünki onun özünün də postu təhlükə altındadır. Məsələ ondadır ki, onu Kremldə sevməyən və Çeçenistan rəhbəri kimi görmək istəməyən şəxslər var. Təsadüfi deyil ki, artıq Vladimir Putinə Çeçenistanda Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulmasına görə, Ramzan Kadırovu istefaya göndərmək təklifləri də olunub. Kreml daxilində “Kadırovmu? Bakımı?“ sualı səslənir. “Kremlevskaya Tabakerka” Teleqram kanalına Rusiya Prezident Administrasiyasının sədr müavini Sergey Kiriyenkoya yaxın mənbə bildirib ki, “Kadırov Çeçenistanda xaos yaradıb. Hava hücumundan müdafiə sisteminin uğursuz işləməsi və sərnişin təyyarəsinə açılan atəş ümumi qarışıqlığın nəticəsidir. Ona görə də onu tutduğu vəzifədən məhrum etmək və ölən sərnişinlərin ailələrinə təzminat ödəməyə məcbur etmək lazımdır. Və Ramzan barədə unutmaq lazımdır. Azərbaycanlı tərəfdaşlarımız, ümid edirəm belə bir qurbanla kifayətlənəcəklər.
Digər tərəfdaşlar bizim etibarlı olduğumuzu başa düşəcək və bizimlə mübahisə etməyəcəklər. Mənə elə gəlir ki, bu, Kadırovun fərdi taleyindən qat-qat vacibdir”. Nəticə etibarilə, Prezident İlham Əliyevin Yanvarın 6-dakı çıxışı Bakının tələblərindən geri dönmək niyyətində olmadığını bir daha sübut etdi. Hətta qara qutuların Braziliyaya göndərilməsi məsələnin beynəlxalq miqyasa qaldırılma ehtimallarının olduğunu göstərir. Bu isə Kremlin maraqlarına uyğun deyil. Vəziyyət qarşısında Kremlin ən yaxşı halda Həmzət Kadırov və hadisədə dəxli olan digər şəxsləri həbs etməlidir. Bun istiqamətdə Putin Kremldəkilərin də istəyi əsasında ya Kadırovu vəzifədən uzaqlaşdırmalı ya da yeni vəzifəyə təyin edərək gücünü qırmalıdır. "- deyə fikirlərini bildirib.
News365.az