Xankəndi, Ağdərə və Xocalıda əhalinin sayı açıqlandı

Xankəndi, Ağdərə və Xocalıda əhalinin sayı açıqlandı
11:39

"İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı infrastruktur layihələri icra olunur. Yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemləri yaradılır, iqtisadiyyat, təhsil, səhiyyə, ictimai xidmətlər, mədəni irsin bərpası və digər istiqamətlərdə mühüm layihələr həyata keçirilir. Qısa müddət keçməsinə baxmayaraq qeyd olunan sahələrdə əhəmiyyətli nəticələr əldə edilmişdir. Artıq bu ərazilər nəinki yerli, həmçinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir".

News365.az xəbər verir ki, bunu Xankəndi şəhərində Zəfərin 5 illiyinə həsr edilmiş Qarabağda “Mənəvi dəyərlər” mövzusunda keçirilən tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

E. Yusubov, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli və könüllü şəkildə qayıdışı barədə də məlumat verib. Onun sözlərinə görə, hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 minə yaxın şəxs məskunlaşıb. Onların sırasında keçmiş məcburi köçkünlərlə yanaşı, dövlət və özəl qurumlarda çalışanlar, həmçinin onların ailə üzvləri də var. Plana əsasən, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun 11 kəndi və Ağdərə rayonunun 7 kəndində bərpa və təmir işləri aparılmaqla əhalinin köçü mərhələli şəkildə həyata keçirilir. Nəticədə, bu yaşayış məntəqələrində 6 minə yaxın keçmiş məcburi köçkünün məskunlaşdırılması nəzərdə tutulur.

Eyni zamanda, bölgədə iqtisadiyyatın bərpası, məşğulluğun təmin edilməsi və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. İndiyədək işğaldan azad olunmuş ərazilərə investorlar tərəfindən 65 milyon manatdan çox investisiya qoyuluşu həyata keçirilib.

Qeyd edək ki, Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş “Mənəvi dəyərlər həftəsi" keçirilir. Layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə reallaşır. Əsas məqsəd gənclərin milli kimlik və vətənpərvərlik şüurunun gücləndirilməsi, tarixi-mədəni irsimizə, milli-mənəvi dəyərlərə bağlılıqlarının artırılmasıdır. 


Sizin reklam burada
Sizin reklam burada