1961-ci il aprelin 12-də Yuri Qaqarin bəşər tarixində ilk dəfə kosmosa uçub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Kosmosun fatehi Yuri Qaqarin bundan sonra dünyanın və səmanın bir nömrəli adamı olaraq məşhurlaşıb və bəşəriyyətin sonuna qədər onun adı tarixin səhifələrinə yazılıb.
Keçmiş sovetlər birliyi ilə yanaşı bir çox ölkələrdə, əsas şəhərlərin fəxri vətəndaşı olub. Baykonur, Kaluqa, Novozıbkov, Klintsı, Novocherkassk, Lyubertsı,Smolensk, Vinnitsa, Sevastopol, Saratov, Komsomolsk-na-Amur, Tümen, Orenburq
- Bolqarıstan — Sofiya, Pernik, Plovdiv
- Yunanıstan - Afina
- Kipr - Famaqusta, Limassol
- Fransa - Sen-Deni
- Çexoslovakiya - Trencianske Teplice
Eyni zamanda Yuri Qaqarin Sumqayıt şəhərinin fəxri vətəndaşı olub, baxmayaraq ki, özü heç bir zaman burda olmayıb.
Sumqayıt, o dövrdə yeni, sürətlə inkişaf edən sənaye şəhəri idi. Burada kimya sənayesi, metallurgiya, energetika və tikinti müəssisələri fəaliyyət göstərirdi.
Şəhərdə minlərlə gənc mühəndis, texnik və fəhlə çalışırdı. O illərdə SSRİ-də böyük şəhərlər öz qəhrəmanlarını “fəxri vətəndaş” adına layiq görürdülər. Sumqayıt da yeni, sənaye şəhəri kimi bu təşəbbüsə qoşulmuşdu.
Şəhər rəhbərliyi Qaqarinin adını gənclərə nümunə kimi təqdim etmək və şəhərin “sovet qəhrəmanlarına sədaqətini” göstərmək məqsədilə ona “Sumqayıt şəhərinin fəxri vətəndaşı” adını vermək qərarına gəlir.
Mənbələrə əsasən, təşəbbüs ilk dəfə Sumqayıt Kimya Kombinatının və “Alüminium” zavodunun komsomol təşkilatları tərəfindən irəli sürülüb.
Bu təklif daha sonra Sumqayıt Şəhər Partiya Komitəsinin plenumunda müzakirəyə çıxarılıb və Şəhər Sovetinin İcraiyyə Komitəsinə təqdim olunub:
“Şəhərimizin fəhlə və mühəndis kollektivləri Sovet Kosmosunun Qəhrəmanı Yuri Alekseyeviç Qaqarini Sumqayıt şəhərinin fəxri vətəndaşı seçməyi təklif edirlər.”
1966-cı ildə Sumqayıt Şəhər Sovetinin İcraiyyə Komitəsinin qərarı ilə kosmonavt Yuri Qaqarinə “Sumqayıt şəhərinin fəxri vətəndaşı” adı verilib.
İclasda Qaqarinin elmi və vətənpərvərlik fəaliyyətinə dair çıxışlar edilmiş, onun SSRİ-nin və elmin inkişafına verdiyi töhfələr vurğulanmışdır. Sonra yekdilliklə iclasın qərarı belə olub :
1. Sovetlər İttifaqının kosmonavtı Yuri Alekseyeviç Qaqarinə “Sumqayıt şəhərinin fəxri vətəndaşı” adı verilsin.
2. Şəhərin bir küçəsinə Qaqarinin adı verilsin.
3. Qaqarinin xatirəsini əbədiləşdirmək məqsədilə şəhərdə xatirə lövhəsi və büstü ucaldılsın.
Bu qərar Qaqarinin kosmos uçuşu ilə SSRİ-nin və elmin inkişafına verdiyi töhfəyə hörmət əlaməti idi.
Bu fakt təsadüfi deyil: həmin illərdə SSRİ-də “fəxri vətəndaş” titulu daha çox Moskva, Leninqrad, Kiyev kimi şəhərlərdə verilirdi.
Sumqayıt isə — Azərbaycan miqyasında ilk belə qərar qəbul edən şəhərlərdən biri idi.
Zaur Əliyev, tarixçi