“Rusiya artıq təhlükəsiz arxa cəbhə ölkəsi deyil”- Politoloq

“Rusiya artıq təhlükəsiz arxa cəbhə ölkəsi deyil”- Politoloq
02 İyn 2025 14:05

Rusiya-Ukrayna müharibəsi fonunda “arxa cəbhə” anlayışı Rusiya üçün öz aktuallığını itirib. Əvvəllər Ermənistanla münaqişə dövründə erməni silahlı birləşmələri üçün geri çəkilmək və təhlükəsiz bölgələrə sığınmaq imkanı olsa da, bu gün Rusiya üçün belə bir imkan qalmayıb.

Bu barədə News365.az-a politoloq Taleh Əliyev açıqlama verib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ermənistan və Qarabağda fəaliyyət göstərən erməni silahlı qrupları üçün digər bölgələr bir növ arxa cəbhə rolunu oynayırdı. Lakin Ukrayna ilə müharibədə vəziyyət fərqlidir.

“Ukrayna bu gün Rusiya ərazisinin istənilən hissəsini cəbhəyə çevirə bilir. Bu, onu göstərir ki, Rusiyada artıq təhlükəsiz arxa cəbhə anlayışı yoxdur. Məsələn, Murmansk və Kursk kimi Rusiya ərazisinin dərinliklərində belə hücumlar müşahidə olunub. Kursk istiqamətində təxminən 370 minə yaxın daxili köçkün yaranıb. Bu, nadir haldır və Rusiya ilk dəfədir ki, bu qədər daxili köçkünlə üzləşir,” – deyə politoloq bildirib.

Taleh Əliyev vurğulayıb ki, sosial şəbəkələrdə də bu vəziyyətə etirazlar artır: “Əhali haqlı olaraq soruşur ki, biz niyə bombaların altında qalmalıyıq? Bizim günahımız nədir?”

Ekspert qeyd edib ki, müharibə artıq Rusiya əhalisi üçün də birbaşa təhlükəyə çevrilib və ölkənin müxtəlif bölgələri potensial hədəfə çevrilməkdədir.


Sizin reklam burada
Sizin reklam burada