İyunun 3-də Bakıda təşkil olunan “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” adlı beynəlxalq elmi konfrans təkcə akademik çevrələrin deyil, eyni zamanda geosiyasi və ideoloji diskurslarla maraqlanan ictimaiyyətin də diqqətini cəlb etdi. Konfransda dünyanın müxtəlif ölkələrindən alimlər, ekspertlər və təşkilat nümayəndələri postmüstəmləkə dövrünün yeni mərhələlərini, kolonial keçmişin bu günə təsirlərini və xüsusilə Fransanın rolu ilə bağlı vacib məqamları gündəmə gətirdilər.
Konfransın ən təsirli çıxışlarından biri BMT-nin Afrika Xalqlarının Daimi Forumunun üzvü Pastor Martinezə məxsus idi. O, vurğuladı ki, Afrika cəmiyyətləri bu gün də transatlantik qul ticarətinin mirası, irqçi siyasətlər, iqtisadi asılılıq və “yumşaq güc”lə tətbiq edilən neokolonializm qarşısında dirəniş göstərmək məcburiyyətindədir. Martinezin fikrincə, bu proseslərin episentrində bir dövlətin adı açıq şəkildə seçilir: Fransa.
Tarix boyu Afrika və Asiyada geniş müstəmləkə imperiyası quran Fransa, milyonlarla insanın həyatına birbaşa və dolayı şəkildə müdaxilə edib. Əlcəzair, Mali, Kot-divuar, Kamerun, Vyetnam kimi ölkələr uzun illər Parisin nəzarətində olub. Amma Fransız müstəmləkəçiliyi sadəcə hərbi gücə söykənməyib – mədəni assimilyasiya, dil və dəyər sistemlərinin zorla yayılması “sivilizasiya missiyası” adı altında aparılıb.
1950–70-ci illərdə müstəmləkə ölkələri formal müstəqillik qazandıqda belə, “Françafrique” adlı qeyri-rəsmi idarəetmə modelilə Fransa onların siyasi, iqtisadi və diplomatik istiqamətlərini öz əlində saxladı. Həmin ölkələrin pul vahidlərinin Parisə bağlı qalması və valyuta suverenliyinin olmaması bu təsirin iqtisadi təməlini təşkil edirdi.
Son illərdə Sahel bölgəsində – xüsusilə Mali, Burkina Faso və Nigerdə baş verən siyasi çevrilişlər Fransanın bölgədəki təsirinə ciddi zərbə vurdu. Fransa hərbi bazaları bağlandı, müqavilələr ləğv edildi, küçələrdə “Fransa, rədd ol!” şüarları eşidildi. Bütün bunlar yeni siyasi şüurun formalaşdığını, müstəqil qərarlar üçün artan ictimai tələbatı ortaya qoydu.
Ənənəvi müttəfiqlər – Kot-divuar və Seneqal kimi ölkələrdə də Fransa təsiri sarsılır. Bu boşluğu isə Çin, Türkiyə və Rusiya kimi güclər doldurmaqdadır. Çin infrastruktur və ticarət, Türkiyə təhsil və təhlükəsizlik, Rusiya isə hərbi və enerji sahəsində güclü alternativ kimi çıxış edir.
Fransa indi klassik müstəmləkəçiliyin yerinə daha incə və görünməyən bir strategiya seçib – “yumşaq güc” siyasəti. Bu, iqtisadi alətlər, mədəni təsirlər və siyasi rıçaqlarla həyata keçirilən yeni tip neokolonializmdir. Formal azadlıq reallıqda iqtisadi və diplomatik asılılıqla əvəzlənir.
Konfransda Azərbaycanın tutduğu prinsipial mövqe də ön plana çıxdı. Politoloq Turan Rzayevin sözlərinə görə, Azərbaycan postmüstəmləkə dövrün ideoloji və struktur mirası ilə barışmayan, tarixi ədalətsizliklərə açıq şəkildə qarşı çıxan ölkələrdən biridir. Bakı konfransının əsas ideyası da bu idi: müstəmləkəçiliyin fiziki formasının başa çatması onun sonu demək deyil.
Bu çağırış yalnız Afrikaya deyil, keçmiş imperiya vərdişlərindən əl çəkməyən Avropa güclərinə – xüsusilə Fransaya yönəlmiş güclü mesajdır: “Yeni dünya düzənində köhnə hegemonluq modellərinə yer yoxdur.”
Poitoloq Turan Rzayev