Rusiya Ukrayna ərazisinə mütəmadi olaraq hücum etməklə ABŞ-nin sülh təşəbbüslərinə hörmətsizlik nümayiş etdirir. Bu fikirlər “European Pravda”də dərc olunan məqalədəndir. Nəşr yazır ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper deyib.
Onun fikrincə, Rusiya sülh təşəbbüslərinə maraq göstərmir və hətta onlara hörmətsizlik də nümayiş etdirir. O belə hesab edir ki, dünya prezident Vladimir Putinlə münasibətdə sadəlövh ola bilməz. Eyni zamanda, Avropa Komissiyasının nümayəndəsi davam edən danışıqların vacibliyini də qeyd edib.
"Ancaq bu sülh danışıqlarının nəticəsi daha güclü Ukrayna üçün sərfəli olmalıdır. Çünki Putin zəifliyə hörmətlə yanaşmır. Ona görə də biz Ukraynanı güclü vəziyyətə salmalıyıq. Ona görə də biz müdafiə dəstəyimizi və bununla bağlı imkanlarımızı artırmağı öhdəmizə götürmüşük", - Hipper deyib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural