Bu partiya ləğv ediləcək

Bu partiya ləğv ediləcək
22:40

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası sabiq baş nazir Giorgi Qaxariyanın “Qaxariya Gürcüstan naminə” partiyasının qadağan edilməsini tələb edəcək.

News365.az xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun parlament çoxluğunun lideri İrakli Kirtsxaliya brifinqdə bildirib.

Onun sözlərinə görə, bu həftə Gürcüstanın Konstitusiya Məhkəməsinə bununla bağlı iddia təqdim olunacaq.

“Biz onların planlarını yaxşı xatırlayırıq: parlamentdə təmsilçiliyə və daha sonra mandatlarının tanınmasına nail olmağa hazırlaşırdılar. Həmin vaxt siyasi komandamız onlara keçmişlərinə baxmayaraq şans verdi. Lakin biz onların konstitusiya quruluşunun kobudcasına rədd edilməsinin və bunun ətrafında bir çox destruktiv addımlarının şahidi olduq”, - İrakli Kirtsxaliya əlavə edib.

O, iddiada “Qaxariya Gürcüstan naminə” partiyasından olan deputatların mandatlarının ayrı-ayrılıqda dayandırılması tələbinin yer almayacağını vurğulayıb.

Qeyd edək ki, Giorgi Qaxariya 2019-2021-ci illərdə Gürcüstanın Baş naziri olub. O, ötən ilin iyunundan Almaniyada uzunmüddətli viza əsasında yaşayır. Sabiq hökumət başçısı müxalif “Qaxariya Gürcüstan naminə” partiyasını 2021-ci ilin mayında təsis edib.

Xatırladaq ki, “Gürcü Arzusu” ötən ilin oktyabrında sabiq prezident Mixeil Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiyası, “Lelo - Güclü Gürcüstan” və “Federalistlər” partiyalarının Gürcüstan Konstitusiyasına zidd elan edilməsi iddiası ilə Konstitusiya Məhkəməsinə müraciət edib.


Sizin reklam burada
Sizin reklam burada