Artıq 10 gündür davam edən müharibə fonunda tərəflərin ritorikası gündən-günə dəyişməkdədir. Bəzi hallarda sərtləşən, bəzən isə yumşalan bu ritorik yanaşmalar bölgədə baş verən hadisələrin dinamikasına birbaşa təsir edir.
Milli Məclisin deputatı Azər Allahverənov News365.az-a verdiyi açıqlamada vəziyyəti təhlil edərək bildirib ki, xüsusilə İran tərəfinin bəzi nümayəndələrinin ritorikasında daha ehtiyatlı mövqe hiss olunur.
Deputatın sözlərinə görə, İranın xarici işlər nazirinin müavini Abbas Əraqçının çıxışları digər rəsmilərlə müqayisədə daha təmkinli və dialoqa açıq xarakter daşıyır:
“Əgər fikir versək, Əraqçı heç zaman sərt və kəskin ittihamlarla çıxış etməyib. Onun ritorikasında daha çox danışıqların qorunub saxlanması və dialoq kanallarının açıq qalması niyyəti hiss olunurdu,” – deyə Azər Allahverənov vurğulayıb.
Lakin son günlərdə baş verən hadisələr, xüsusilə qarşılıqlı zərbələrin mübadiləsi, İranın bəzi hallarda danışıqlardan geri çəkildiyinin və vəziyyətin gərginləşdiyinin göstəricisi kimi qiymətləndirilir. Buna baxmayaraq, deputat hesab edir ki, İran tərəfi hələlik tamamilə danışıqlardan imtina etməyib və bu, xüsusən də Əraqçının mövqeyində özünü göstərir.
Deputat həmçinin qeyd edib ki, adətən bu kimi qarşıdurmalarda İranın cavab reaksiyası çevik və konkret olur:
“Əgər İran qarşı tərəfə zərbə endirmək niyyətindədirsə, bu, adətən 1-8 saat ərzində həyata keçirilir. Balistik raketlər və digər hərbi vasitələrlə konkret hədəflərə cavab verilməsi artıq bir neçə dəfə müşahidə olunub,” – deyə o əlavə edib.
Azər Allahverənovun fikrincə, vəziyyətin gələcək inkişafı məhz bu ritorik dəyişikliklərin və diplomatik kanalların açıq qalmasının davam edib-etməyəcəyindən asılı olacaq