21 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2024-cü il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
News365.az xəbər verir ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, nəhəng tarixi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Kollegiya iclası başlamamışdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və canlarını Vətən uğrunda fəda etmiş bütün şəhidlərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev dünya şöhrətli siyasətçi, xalqımızın və dövlətimizin xilaskarı Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son 21 il ərzində ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan, eləcə də ötən ilin noyabr ayında uğurla baş tutmuş COP-29 tədbirindən, onun mahiyyətindən və əhəmiyyətindən bəhs edərək, milləti və dövləti qarşısındakı misilsiz xidmətləri ilə bütün liderlərdən seçilən dövlət başçısının xalqın sonsuz sevgisini qazandığını xüsusi vurğuladı. Baş prokuror Kamran Əliyev bildirdi ki, əldə olunan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.
Bundan sonra, hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, əvvəlcə, dahi insan, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Azərbaycanın sürətli inkişaf strategiyasını müasir müstəvidə uğurla reallaşdıran, xalqına xidmətdə digər liderlərə örnək olan cənab İlham Əliyevin dühası sayəsində 2024-cü il ərzində də ölkəmizin qüdrətlənməsi və əhalinin rifahının yaxşılaşdırılması prosesinin davamlılığının təmin edilməsindən, eləcə də ötən il əldə edilən digər nailiyyətlərdən danışaraq, Qazaxın 4 kəndinin bir güllə belə atılmadan, qan tökülmədən, diplomatik yolla və vasitəçisiz qaytarılmasını xüsusi vurğuladı. Hərbi prokuror Xanlar Vəliyev qeyd etdi ki, Azərbaycanın çiçəklənməsinə Birinci xanım Mehriban Əliyevanın zəngin fəaliyyəti misilsiz töhfələr verməkdədir. Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin, bildirdi ki, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55 illiyi münasibətilə, “Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar” Tədbirlər Planının müvafiq bəndinin icrası ilə bağlı, eləcə də hüquqi biliklər barədə maarifləndirmə ilə əlaqədar Hərbi Prokurorluq Orqanları tərəfindən 3-ü özünün iştirakı ilə olmaqla, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək rütbəli hərbi qulluqçuları, eləcə də müxtəlif dövlət qurumlarının, şəhər və rayonların rəhbər vəzifəli şəxsləri ilə birlikdə 21 tədbir keçirilmişdir. Qeyd olundu ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də qazilərə və şəhid ailələrinə xüsusi diqqət göstərilmiş, istər Hərbi Prokurorluqda, istərsə də yerlərdə onlarla görüşlər keçirilərək qayğıları ilə maraqlanılmışdır.
Hərbi prokuror Xanlar Vəliyev qeyd etdi ki, ötən illərdə olduğu kimi, 2024-cü ildə də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti uğurlu olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldilmişdir. Vurğulanmışdır ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 98,8 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılmışdır.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də cinayətkarlığa qarşı mübarizə istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olmuşdur. Belə ki, hər il olduğu kimi, 2024-cü ildə də aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış müvafiq tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil olunmuş, onların qayğı və problemləri ilə maraqlanılmış, həmçinin fərdi qəbullar keçirilmişdir. Eyni zamanda bayramlarda və digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçuların iştirakı ilə tədbirlər, o cümlədən bayram mərasimləri keçirilmiş və xidmətdə fərqlənənlərə hədiyyələr təqdim olunmuşdur. Qeyd olunanlarla bərabər, Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də ölümlə nəticələnən cinayətlərin qarşısının alınması məqsədilə, hər zaman olduğu kimi, hesabat dövründə də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək, müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilmiş, kollegiyaların qərarlarına əsasən zəruri tədbirlərin görülməsi təmin olunmuşdur. Sözügedən istiqamətdə səmərəliliyi artırmaq məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə bir sıra digər işlər də görülmüşdür.
Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış cinayətlər əvvəlki illə müqayisədə ümumilikdə 19,3%, qeyri-hərbi cinayətlər 21,5%, hərbi xidmət əleyhinə olan cinayətlər isə 17,5% azalmışdır.
Eyni zamanda 2023-cü illə müqayisədə 2024-cü ildə qeydə alınmış Özünü öldürmə həddinə çatdırma cinayətləri 20,0%; Rüşvət alma və rüşvət vermə cinayətləri 53,4%; Hərbi xidmətdən yayınma cinayətləri 33,6%; Hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 52,9 %; Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 31,1%; Qulluğa səhlənkar yanaşma cinayətləri 21,4%; Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 71,4%; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 88,2%; Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 33,3%; Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 20,4%; Mülkiyyət əleyhinə olan cinayətlər 4,4% və Xuliqanlıq cinayətləri 60,0% azalmışdır.
Kollegiya iclasında, hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, işin effektivliyinin daim artırılması tələb edilmişdir.
Çıxışının sonunda ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəkdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Kəlbəcər hərbi prokuroru, ədliyyə polkovniki Mahir Bayramov, Şəmkir hərbi prokuroru, ədliyyə polkovniki İlham Babayev və Qubadlı hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Mürsəlov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat vermişlər.
Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev, prokurorluq orqanları əməkdaşlarının Ulu Öndər Heydər Əliyevin milli maraqlara xidmət edən müdrik siyasətinin möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edəcəklərini, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması üçün əllərindən gələni əsirgəməyəcəklərini, doğma Azərbaycanın qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını, eləcə də qanunun aliliyinin təmin edilməsi naminə daha əzmlə çalışacaqlarını bildirdi.