Peyğəmbər Əhli-Beytinin pak nümayəndələrindən olan İmam Rza əleyhissalamın dəfn olunduğu Məşhəd şəhərini də etirazlar bürüyüb, hətta İran bayrağı endirilib, üsyanlar böyüyüb.
Ömür boyu məhrumiyyətlər yaşamış, canını, övladlarını ümmətə fəda etmiş Peyğəmbər övladının məzarına xələl gəlməsindən narahatam. Mənfur rejim etirazçıları qırmaq üçün İmamın məzarını dağıda, partladıb onların üstünə ata bilər ki, xalqa divan tutmağa əlində əsas
olsun.
Çünki fars şüubiyyə məfkurəsində İmam qurban vermə metodu var: təxribat yaradıb zəmin hazırla, İmamı çağır, öldürənlərə qoşul, öldür, sonra da cinayəti rəqibin üstünə atıb əldə əsas tutaraq hədəfin üstünə get...
İmamların şəhadətindən sonra da şüubiyyə onların obrazından, irsindən, məzarlarından siyasi, strateji məqsədləri üçün sui-istifadə edib.
1991-ci il Körfəz müharibəsindən sonra Səddam Hüseynin zəiflədiyini zənn edən İran rejimi Nəcəf, Kərbəla kimi şəhərlərin əhalisini öz agentura şəbəkəsi vasitəsi ilə üsyana qaldırdı və İmamların məzarından cəbbəxana kimi istifadə edilməsinə qərar verildi. İmam Hüseynin müqəddəs məzarı da silahlı üsyançıların düşərgəsinə çevrildi. Üsyanı yatırmaqda məsul olan komandan S. Hüseynin sonralar edam etdirdiyi kürəkəni, qızı Rağad Hüseynin həyat yoldaşı Hüseyn Kamil idi. Türbəyə sığınan silahlıları zərərsizləşdirib məzarı xilas etmək üçün minarələrə bir neçə top atəşi açılıb, uçqunlar əmələ gəlib. Üsyan yatırılandan sonra türbə təmir edilib və S. Hüseyn Kərbəlanı ziyarət edərək orada namaz qılıb. Lakin sonralar fars propaqandası şayiələrə start verdi ki, Səddam Hüseyn İmam Hüseynin məzarını dağıdıb. Hətta avam adamları daha da qızışdırmaq üçün danışırdılar ki, guya qəbrin önündə əlində silah dayanıb İmam Hüseynə xitab edib ki, sən də Hüseyn mən də Hüseyn, qalx gəl görək kim daha güclüdür...
Halbuki heç iki Hüseyni ayırd edə bilməmişdilər ki, komandir Səddam Hüseyn yox, Hüseyn Kamil olub və deyilən hadisənin real olduğunu da təsdiq edən dəlil, fakt yoxdur. Sadəcə üsyançılar İmam Hüseynin qəbrini özlərinə səngər qərar verdikləri üçün dövlət qoşunları əməliyyat keçirib, məzarı xilas edib.
İraqın şiə əhalisinin kontrolunu ələ almaq üçün İran rejimi Nəcəf hövzəsinə liderliyi və mərcəiyyəti öz adamına, farsa dövr etmək üçün həmişə mübarizə aparıb. İraq əsilli ərəb seyidlərindən olan Muhəmməd Sadiq Sədrin nüfuzuna qarşı İran əsilli Sistanini başa keçirmək uğrunda 90-cı illərdə mübarizə qızışdı. Əslən Xoydan olan Ayətullah əl Uzma Əbulqasim Xoyi Nəcəf hovsəsinin rəhbəri olaraq Səddamla dil tapırdı və yollaşırdılar. Hətta İran - İraq müharibəsində Ayətullah Xomeyni çox çalışdı ki, Xoyi İraq şiələrinin İran savaşında iştirak etməməsi üçün Səddam əleyhinə fətva versin, lakin müctəhid rejimə qarşı çıxmadı. Onun vəfatından sonra Nəcəfdə yerli ərəb əsilli ayətullahlarla İrandan gəlib orada nüfuz sahibi olan ayətullahlar arasında mübarizə başladı. Mübarizə İran əsilli ayətullah Sistani ilə İraq əsilli ayətullah Sadiq Sədr arasında həm Nəcəf dini hövzəsinə həm də ümumi şiələrə rəhbərlik uğrunda gedirdi. Səddam rejimi təbii ki, İran əsilli, ərəb olmayan Sistanini deyil, İraq əsilli Sədri müdafiə edirdi. Hətta Sədrin nüfuzunun daha da artması və ali mərcəiyyət məqamına layiq olması üçün kasıb və fəqir yaşayan bölgələrdən özünə tərəfdar toplamaq üçün hökumət qüvvələri ona dəstək də verirdi. Sistaninin xətti daha çox siyasi və mühafizəkar idi. İran əsilli olması həm də onun İranda tərəfdarlarının olması demək idi. Lakin Sədr bir qədər emosional çıxışları ilə tanınan, İraqdan kənarda çox da böyük nüfuzu olmayan, İrana meylsiz və əsl ədalətli hakimiyyətin İmam Mehdinin zühuru ilə bərqərar olmasına inanan alim idi. İraq hakimiyyəti onu həm buna görə həm də İranın kadrına alternativ olduğu üçün dəstəkləyirdi. 1999-cu ildə nüfuzunun artıb liderliyi ələ almaq ərəfəsində iki oğlu ilə birlikdə Kufədə güllələndi. İran propaqandası "adın çıxınca canın çıxsın" ənənəsinə uyğun olaraq dərhal qətli Səddamın üstünə atdılar. İranın şüubiyyə rejimi bir daşla iki quş vurmuşdu. Həm öz kadrına alternativ olan şəxsi aradan götürmüş, həm də onun qətlini Səddamın üstünə ataraq xalqı rejimə qarşı ayaqlandırmışdı. Bu tərəfdən də "qurdla quzu yeyib çobanla yas saxlamaq" prinsipinə sadiq qalaraq mərhum Sədr üçün teatr, şəbeh səhnələri, mərsiyyə məclisləri qurub ona ağı deyirdilər...
Beləcə İran Müqtəda Sədrin atası Sadiq Sədri yıxıb öz kadrı Sistaninin başa keçməsini təmin etdi. Müqtəda Sədr hələ də Sistani ilə siyasi barışıqda deyil və öz dəstəsi, partiyası var. Ara-sıra da İranın İraqdakı təsirinə qarşı etiraz mitinqləri təşkil edir. Lakin uşaq vaxtı ərköyünlük edib kompüter oyunlarına çox vaxt ayırdığı üçün oxuyub ayətullah tituluna sahib ola bilməyib. Ona görə də müctəhid deyil, atasının mübarizəsini yarımçıq saxlamağa məcburdur.
Sistani İrana daha çox lazım idi. Çünki öz kadrı idi və İranın Qərb ölkələri ilə ideoloji əlaqələrini o tənzimləyirdi. ABŞ və Böyük Britaniya ilə sıx əlaqələri 80 - ci ildən bu günədək davam edir. Hətta Pentaqonda "Sistani ilə əlaqələr ofisi" fəaliyyət göstərir. Donald Ramsfeld bu əlaqələrin inkişafında məsul şəxs olub. ABŞ İraqı işğal edəndə Küveyt sərhəddinin açılması və müqəllidlərinin ABŞ əsgərlərinə atəş aşmaması müqabilində 200 milyon dollar almasının qınanmasına qarşı "o pulu alıb İraqın kasıb ailələrinə payladıq" məzmunlu fətvası məşhurdur.
Üzdə guya o İranın indiki quruluşuna zidd mövqedədir. Amma siyasi, ideoloji, şüubiyyə məfkurəsindən doğan üsulları ilə mahiyyət eynidir. Onun üzdə "ziddi - vilayəti fəqih" obrazında təqdim edilməsi həm onu İraq hakimiyyətindən qorumaq üçündür (yəni teokratik dövlət quruluşu iddiası etmir) həm də ABŞ və Britaniya ilə sıx münasibətlərinə haq qazandırmaq xarakteri daşıyır.
Siyasi, ideoloji şüubiyyə hərəkatı Əhəməni, Sasani imperiyalarının, qədim fars inanclarının ən azı təsirlərinin itməməsi üçün İslamı, Əhli-Beyti, bütün müqəddəsatı qurban verməyə, siyasi alətə çevirməyə, sui-istifadəyə, təhrif və hər cür təhqir etməyə, etdirməyə müntəzirdir.
Əməvilər zamanı Əhli Beytin cismi onların əsirliyində idi. Ancaq fars şüubiyyə rejimi isə hazırda onların məzarını, irsini, adını belə əsir saxlayır, istismar edir. Əhli Beyt mənsublarının adına terror təşkilatları qurur, hətta qəbirlərinin torpağını da daşıyıb təsbeh - möhür düzəldib pula satır.
Xanım Zeynəbin Suriyadakı türbəsinin zirzəmisində Mahir Əsədlə İran rejimi mənsublarının spirtli içki, narkotik vasitələr istehsal etdiyi aşkarlandı. Beynəlxalq təşkilatlar hazırda bu hallarla bağlı araşdırmalar aparır. Hazırda Xanım Zeynəbin ehtimal olunan məzarı zalım rejimdən azad olundu. Yəqin ki, Ələvi adı altında gizlənib Əməvi xislətini gizlətməyən şüubiyyə rejiminin əsirliyindən İmam Rza əleyhissəlamın da məzarı xilas ediləcək...
Tural İrfan, dinşünas