Süni intellekt bizim həyatımızın tərkib hissəsinə çevrilib.
Bütün dünyada Süni intellektlə bağlı hələ cavabı verilməyən suallar və narahatçılıqlar var. Nədir bu suallar?
-İlk sual budur: maşınlar doğrudanmı düşünə bilərlər? Hələ də iki yanaşma var və təbii ki, maşınların güclü düşünə biləcəyinə əmin olmayanlar var. Söhbət ağıllı maşınlardan və kompüterlərdən deyil, düşünə bilən maşınlardan gedir.
-Düşünə bilən maşınlar insan üçün hansı problemləri yaradacaq? Nə qədər əhəmiyyətlidir?
-Düşünə bilən maşınlarla insan özündən ağıllı varlıqmı yaradır və bununla öz mövcudluğuna yanaşmanı dəyişəcəkmi?
-Yeni əmək bölgüsü yaranacaqmı və dünya düzənini dəyişirmi?
-Düşünən maşınlarla bağlı hansı etik problemlər yaranır: onlara mənəvi münasibət necə olmalıdır?
-Düşünən maşınlar hər sahədə insanı əvəz edə bilərmi? Məsələn yaşlılara qulluq xidmətində?
-Nə üçün neyroşəbəkələr insanlardan daha yaxşı şahmat oynayırlar?
-Bizim süni intellektlə münasibətlərimizdəki gərginliyin səbəbləri nədir?
Yeni dünya yaranır və yeni gələcəyin əsası qoyulur. Bir anlığa rasionalizmin yaranmasını təsəvvür edin. “Cogito Ergo sum.” “Düşünürəmsə demək, mövcudam.” Dekart belə nəticəyə gəldi ki, insan həm düşünən, həm də fəzada yer tutan ikili varlıqdır.
İndi isə deyirik ki, maşınlar düşünür. Bəs onların mövcudluğuna nə ad qoyacağıq? Bununla bizim mövcudluğumuzun fəlsəfəsi dəyişirmi?
Süni intellektin tətbiqi genişləndikcə suallar artır:
Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri bütün dünyanı düşündürən sualları belə çeşidləyiblər:
Süni intellektdən istifadə etməklə aparılan müharibə nədir?
Səhiyyədə, biologiyada, kosmosda və kvant texnologiyalarında Süni intellektlə bağlı innovasiyalar necə olacaq?
Süni intellekt insan münasibətlərində və uşaqların tərbiyəsində hansı dəyişiklikləri yaradacaq?
İnsanın qavraya bilmədiyi reallıqları Süni intellekt qavraya biləcəkmi?
Süni intellektin iştirakında insanlar koordinasiya və idarəetmədə hansı dəyişikliləri yarda biləcəklər?
Süni intellekt epoxasında "insan olmaq" hansı mənaları ehtiva edəcək?
Bütün bu suallara cavabların axtarılması üçün gecikmədən İKT mütəxəssislərinin, filosofların, sosioloqların və intellektualların geniş diskussiyasına ehtiyac var.
Etibar Əliyev, təhsil eksperti