İsraildə oktyabrın 27-nə təyin olunan parlament seçkiləri yaxınlaşdıqca, ölkədəki siyasi temperatur pik həddə çatır. Son rəy sorğuları hazırkı Baş nazir Benyamin Netanyahunun ciddi imic problemi yaşadığını ortaya qoyur; belə ki, seçicilərin 60%-i onun kursunu dəstəkləmir, Netanyahunun arxasında duranların nisbəti isə cəmi 36%-dir. Bununla belə, ekspertlər daxili narazılıqlara rəğmən, regional təhdidlərin seçkinin taleyini tamamilə dəyişə biləcəyini vurğulayırlar.
Mövzu ilə bağlı fərqli baxış bucaqlarını təqdim edən analitiklər daxili və xarici faktorların mübarizəsini News365.az-a belə şərh edirlər:
Siyasi şərhçi Azər Qasımov hesab edir ki, İsrailin keçdiyi bu kritik və tarixi mərhələdə xalqın radikal dəyişikliyə getməsi real deyil. Onun sözlərinə görə, hakimiyyətə müharibə əleyhdarı olan solçuların və ya ultra-ortodoks dindarların gəlməsi indiki şəraitdə qeyri-mümkündür. Qəzza, Livan və İran cəbhəsindəki mövcud böhranlardan ölkəni yalnız Netanyahunun çıxara biləcəyini deyən ekspert, dünyada yeni nizamın qurulduğu bir vaxtda zəiflik nümayiş etdirməyin İsrail üçün eksiztensial təhlükə (süqut) yaradacağını bildirir. O, seçkilərin Netanyahunun qələbəsi ilə bitəcəyini və cəmiyyətin gələcək təhlükəsizlik naminə mövcud kursa səs verəcəyini proqnozlaşdırır.
Siyasi şərhçi Rufiz Hafizoğlu isə Netanyahunun daxildə ciddi maneələrlə üz-üzə qaldığını diqqətə çatdırır. Ekspert korrupsiya məhkəmələri və korrupsiya iddialarının İsrail cəmiyyətində dərin parçalanma yaratdığını, eyni zamanda baş nazirin qlobal miqyasda da populyar olmadığını vurğulayır. Bununla belə, Hafizoğlu Netanyahunun hərbi sferadakı taktiki uğurlarının onun reytinqini qoruduğunu qeyd edir. HƏMAS-ın son illərin ən zəif nöqtəsinə gətirilməsi, "Hizbullah"ın mövqelərinin sarsıdılması və İranın Suriya üzərindən qurduğu təchizat zəncirinin kəsilməsi daxili auditoriyada baş nazirin xalını artırır. Bundan əlavə, ekspert daxili siyasətdə "Türkiyə təhdidi" kartından manipulyasiya məqsədilə istifadə edildiyini, həm hakimiyyətin, həm də müxalifətin media vasitəsilə bu mövzunu qabardaraq seçki xalları qazanmağa çalışdığını diqqətə çatdırır.
Yekun olaraq, İsrail seçicisi oktyabrda böyük bir dilemmanın qarşısında olacaq: daxili korrupsiya və idarəetmə böhranına etiraz etmək, yoxsa regional müharibələr fonunda "təhlükəsizlik" naminə köhnə liderlə yola davam etmək.