"Mətbuat Şurasının qurultayına hazırlıq işləri sentabır ayında başlayacaq".
Qurumun mətbuat katibi Əvəz Rüstəmov News365.az-a açıqlamasında qurultay öncəsi namizədlərin müəyyənləşdirilməsi proseduruna aydınlıq gətirib.
Onun sözlərinə görə, qurultaydan əvvəl üzv təşkilatlar arasında sorğular aparılır və həmin təşkilatlar idarə heyətində təmsil olunmasını istədikləri şəxslərin namizədliyini irəli sürürlər.
Ə. Rüstəmov bildirib ki, qurultaya hazırlıq mərhələsində daxil olan təkliflər əsasında namizədlər müəyyənləşdirilir və daha çox dəstək qazanan şəxslərin adları yekun seçki bülleteninə salınır.
“Qurultay öncəsi müvafiq prosedurlar həyata keçirilir. Üzv təşkilatlar idarə heyətində görmək istədikləri şəxslərin adlarını təqdim edirlər. Daha sonra bu namizədlər arasında dəstək səviyyəsi müəyyənləşdirilir və ən çox səs qazanan şəxslərin adları seçki bülleteninə daxil edilir. Yalnız bundan sonra onların namizədliyi rəsmiləşmiş hesab olunur”, – deyə o qeyd edib.
Mətbuat katibi vurğulayıb ki, hazırkı mərhələdə konkret namizədlərin adları ilə bağlı hər hansı açıqlama vermək tezdir. Onun sözlərinə görə, namizədlər yalnız müvafiq prosedurlar tamamlandıqdan və adları seçki bülleteninə daxil edildikdən sonra bəlli olacaq.
Ə. Rüstəmov əlavə edib ki, qurultaya hazırlıq çərçivəsində təşkilati proseslər mərhələli şəkildə həyata keçirilir.
News365.az